1941-ci ilin avqustunda, Vermaxtın ordusu sürətlə SSRİ-nin paytaxtı Moskvaya yaxınlaşanda sovet qoşunları Britaniya qoşunları ilə birlikdə uğurla İranın işğalı əməliyyatını həyata keçirdi. Barəsində söhbət açacağımız əməliyyatın bəzi məqamları tarixdə zəif öyrədilib.
Bu səbəbdən Publika.az-ın SSRİ və Britaniyanın ilk, avqustun 25-dən sentyabrın 17-ə qədər davam etmiş “Sövdələşmə” adlı əməliyyatının bəzi gizli məqamlarını təqdim edirik:
İlk öncə onu qeyd edək ki, bəzi araşdırmaçılar, jurnalistlər əməliyyatın keçirilməsində əsas məqsədin guya SSRİ-nin İranın Azərbaycan hissəsinin respublikamıza birləşdirməkdən ibarət olduğunu iddia edir, bununla bağlı mif yaratmağa çalışırlar. Özü də həmin günlərdə ki, sovet ordusu Vermaxtın güclü zərbələri ilə geri çəkilirdi. Ön cəbhədə əsgər çatışmazlığı şəraitində, SSRİ-nin Avropa hissəsində hərbi birləşmələrə ehtiyac olduğu şəraitdə sovet rəhbərliyinin İrana qoşun yeritməsi bir sıra məxfi məsələlərə aydınlıq gətirilməsini tələb edir.
Əməliyyatın hazırlanması üçün vacib şərtlər zəruri geosiyasət məsələlərindən, habelə ölkənin cənubdan təhlükəsizliyinin gücləndirilməsi, Bakının, eləcə də İngiltərənin Cənubi (İran və İraqla sərhəd ərazidə) İrandakı neft yataqlarının müdafiəsi ilə əlaqədar idi. Bütün bunlar bir yana, müttəfiqlərin nəqliyyat dəhlizinin müdafiəsi də zəruri idi. Çünki Lend-Liz haqqında müqaviləyə əsasən, SSRİ-yə ediləcək yardımların əhəmiyyətli hissəsinin Təbriz marşrutu üzrə çatdırılması planlaşdırılırdı.
İranda nasional-sosializmin yayılması fonunda Üçüncü Reyxin bu ölkədə təsirinin güclənməsi təhlükəsi ortaya çıxmışdı. 1925-ci ildə İranda baş vermiş saray çevrilişi nəticəsində hakimiyyətə gəlmiş Pəhləvilər sülaləsi Avropalaşma kursunu əsas seçmişdi.
Almaniyada faşistlərin hakimiyyətə gəlməsinə qədər İran elitasında İtaliyanın faşist lideri Benito Mussoliniyə qarşı güclü rəğbət vardı. Bu mənada Britaniya maliyyə dairələrinin İran iqtisadiyyatında açar rolunu oynamasına baxmayaraq, geopolitik üstünlük tədricən Almaniyanın tərəfinə keçirdi. Üçüncü reyx İranın infrastrukturunda, iqtisadiyyatının inkişafında, hətta hərbi qüvvələrin islahatlarında fəal iştiraka başlayırdı.
1941-ci ilə İranda Moskva və London üçün yeni təhlükə bu ölkənin ingilis kapitalları ilə qurulmuş neft və nəqliyyat infrastrukturunun Üçüncü Reyx tərəfindən SSRİ-yə və Britaniyaya qarşı istifadə edilməsi məsələsi ortaya çıxdı.
Müharibə zamanı hərbi təhlükə də artırdı. Əgər almanlar Şimali Afrikadan Fələstinə və ya Suriyaya yol aça, yaxud Bakı-Dərbənd-Həştərxan xəttinə çıxa bilsəydilər, İranın Hitlerin mövqeyində döyüşməsi həll edilmiş məsələ sayılırdı. Maraqlıdır, almanların özləri də alternativ plan hazırlamışdılar. Belə ki, əgər Rza Pəhləvi onlara hər hansı müqavimət göstərsəydi, Hitler Cənubi və Şimali Azərbaycanı birləşdirib vahid Azərbaycan adlı yeni dövləti qurmağa hazır idi.
Bu səbəbdən də 1941-ci ilin 22 iyununda, Üçüncü Reyx Sovet İttifaqına hücum edən kimi müttəfiq olmuş Moskva və London almanların bu ölkəyə hücumunun qarşısını almaq üçün bir qədər sonra İranda birgə əməliyyat barədə danışıqlara başladılar. Britaniyanın səfiri Kripps Molotov və Stalinlə danışıqlar apardı. Bununla əlaqədar olaraq SSRİ Xalq Daxili İşlər Komissarlığı və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən "Alman kəşfiyyatı agenturasının İranın ərazisindən göndərilməsinin qarşısının alınması üzrə tədbirlər haqqında" direktiv qəbul olundu. Bu, İran əməliyyatına hazırlığa de-fakto siqnal idi. İran ərazisinin tutulması əməliyyatın hazırlanması Zaqafqaziya hərbi dairəsinin o zamankı qərargah rəisi Fyodr Tolbuxinə tapşırıldı.
Əməliyyatın həyata keçirilməsi üçün 3 ordu birləşməsi ayrıldı və həmin birləşmələr 53-cü ordu ilə gücləndirildi.
Öz növbəsində Britaniya da İraqda general-leytenant Edvard Kyuinenin rəhbərliyi altında ordu qrupunu formalaşdırdı. Bəsrə ərazisində iki piyada diviziya cəmləşdi. Əməliyyata diplomatik hazırlıq da görülürdü. Avqustun 16-da Moskva İran hökumətinə nota göndərərək, rəsmi Tehrandan alman vətəndaşlarını ərazisindən çıxarmasını istədi.
Bununla yanaşı, İrandan ərazisində ingilis-sovet birləşmələrini yerləşdirmək tələb olundu. Tehran bundan imtina etdi.
Avqustun 19-da İran hökuməti hərbi qulluqçuların məzuniyyətlərini ləğv etdi. Əlavə olaraq ehtiyatda olan 30 min hərbi qulluqçu səfərbərliyə alındı. Bununla da ordunun şəxsi heyətinin sayı 200 min nəfərə çatdırıldı.
1941-ciin 25 avqustunda Britaniya Hərbi Dəniz Qüvvələrlərinin kanoner qayığı Abadan limanına hücum etdi. İranın "Pələng" adlı sahil mühafizə gəmisi dərhal batırıldı. Hücum zamanı habelə digər kiçik patrul gəmiləri zədələndi və ya təslim oldu.
Öz növbəsində sovet ordusu da Culfa-Xoy, Culfa-Təbriz istiqamətində hücuma keçdi. Orduya Xəzər donanması da dəstək verir, hərbi gəmilər irəliləyirdi.
SSRİ-İran sərhədini keçən tank orduları Türkiyə ilə sərhədə və Təbrizə doğru hərəkətdə idi. Artıq 5 saat sonra 76-cı diviziya Təbrizə daxil oldu.
1941-ci ilin 27 avqustunda Transqafqaz cəbhəsinin birləşlmələri bütün tapşırıqları tamamilə yerinə yetirdi. Sovet qoşunları Xoy-Təbriz-ƏrdəbiI xəttinə çıxdılar. İran qoşununun hərbçiləri təslim olmağa başladı.
1941-ci ilin 28 avqustunda Britaniyanın 10-cu hind diviziyasının hissələri Əhvaz şəhərini ələ keçirdi. General-mayor Slim avqustun 29-da şimal istiqamətində hücum edərək Kirmanşahı ələ keçirməyə hazırlaşırdı. Amma qarnizon komandiri şəhəri müqavimətsiz təhvil verdi.
Bundan sonra Rza Pəhləvi ingilislərin və İran müxalifətinin təzyiqi altında Əli Mənsurun hökumətinin istefasını elan etdi və Əli Furukinin yeni hökumət yaradıldı. Həmin gün Britaniya ilə, avqustun 30-da isə Sovet İttifaqı ilə barışıq sazişi imzalandı.
Sentyabrın 8-də imzalanmış razılaşma İran ərazisində iki böyük dövlətin işğal zonalarını müəyyən edirdi. İran hökuməti Almaniyanın və onun müttəfiqi olan başqa ölkələrinin bütün vətəndaşlarını ərazisindən çıxarmağı, neytral olmağı və Hitler əleyhinə koalisiyanın ölkələrinin hərbi tranzitinə mane olmamağı öhdəsinə götürdü.
Bundan 4 gün sonra Britaniyanın SSRİ-dəki səfiri Kripps London və Moskva arasında müzakirə ilə İranın yeni başçısının namizədliyinin razılaşdırılması təşəbbüsü ilə çıxış etdi. Razılaşmaya əsasən, Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvi şah seçildi.
Sentyabrın 15-də müttəfiq qoşunları Tehrana daxil oldu. Bundan bir gün sonra şah Rza oğulun xeyrinə hakimiyyətdən imtina etməsi haqda sazişi imzalamağa məcbur qaldı.
Hərbi əməliyyat əsasən strateji məntəqələrin və obyektlərin qısa zamanda ələ keçirilməsi ilə nəticələndi. Əməliyyat 64 Britaniya əsgərinin öldürülməsi və yaralanması ilə nəticələndi. Sovet ordusunun isə təxminən 50 hərbçisi həlak olmuş, minə qədər əsgəri yaralanmışdı. Uğursuz müdafiə döyüşləri İran ordusuna 1000-ə yaxın hərbçisinin öldürülməsi ilə nəticələndi.
Bununla da faşist Almaniyasının Cənubi və Şimali Azərbaycanı birləşdirmək planları boşa çıxdı. Lakin İranı ələ keçirmiş SSRİ də tarixi fürsətdən istifadə edərək Azərbaycanı birləşdirmədi. Çünki vahid və güclü ölkənin mövcudluğu imperiya rəhbərliyi üçün sərfəli deyildi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...