Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış etmişdir. O bildirmişdir ki, iyirmi beş il əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Prezident demişdir: “Məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik”.
90-cı ilin əvvəllərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Ölkədə bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı.
Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.
Azərbaycanda milli dəyərlər qorunub saxlandıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qoruyub saxlaya bildi. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu.
Qloballaşma cərəyanına qarşı dünyada çox geniş müqavimət göstərilir, ancaq ideya olaraq qalır. Qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Sorosçuların məqsədi məhz gənclərdir. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur.
Azərbaycan xalqı bütün dövrlərdə öz dilini qoruyub. Hər bir dil milli köklər üzərində inkişaf etməlidie. Azərbaycan dili o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.
Ikinci Qarabağ müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz.
Şuşanın landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. onu qeyri-adi edir. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası vardır. Şuşa elə azad edildi ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi.
Azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. İnşa olunacaq elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirəcək və yeni iş yerləri açılacaqdır. Ağalı kəndinin inşası pilot layihədir və bu layihənin böyük rəmzi mənası var. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası vardır. Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Bütün bu işlərdə gənclər fəal iştirak edirlər.
Ölkəmizdə şəhid ailələri və müharibə əlilləri üçün geniş miqyaslı proqram icra edilir. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib – 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək.
Eyni zamanda, əlini, qolunu və ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilmişdir. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var. Dövlət imkan daxilində bu işləri görəcəkdir.
-Vətən müharibəsi zamanı gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular. Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisi dayanır.
Məlumdur ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır. İki il öncə Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalanmışdır. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Cari il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir.
Dördüncü Sənaye inqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerlərinin açılması məsələsini gündəmə gətirir.
Ölkəmizdə könüllülər hərəkatı genişlənir. İlk könüllülərimiz ASAN könüllüləri olmuşdur. Könüllülük Azərbaycan xalqının qanındadır. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. Könüllülük ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür.
Biz elə şərait yaratmalıyıq ki, xaricdə təhsil alanlar Vətənə qayıtmaq arzusunda olsun. Xaricdə təhsil alan gənclərlə bağlı proqram 2007-ci ildən etibarən icra olunur. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəbinə ezam olundu. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi. Dövlət xətti ilə oxuyan 3500 nəfər vətənə qayıtmışdır.
Bildiyiniz kimi Ermənistan monoetnik dövlətdir. Ermənistan adlandırılan indiki ərazi heç vaxt monoərazi olmayıb. Orada yaşamış, əzəli torpağında olan azərbaycanlılar tədricən oradan qovulmuşdur. Azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulmuşdur. 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses ancaq 1969-cu ildə dayandı.
“Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. Azərbaycan hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar.
Hazırda dünyada informasiya təxribatları davam edir. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür. Gənclərimiz bu məsələlərdə ehtiyatlı olmalı və dövlıətimizin maraqlarını qorumalıdırlar.
Məlumdur ki, dünyanın əsas qeyri-hökumət təşkilatları Azərbaycana qarşı uzun illərdir mübarizə aparır. Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Əminik ki, Azərbaycan gəncləri bu cür fitnələrə heç vaxt uymayacaqlar.
Rəsmi İrəvan uzun illər ərzində ölkəmizə qarşı ekoloji terrorla məşğul olmuşdur və proses hələ də zəif də olsa davam edir. Belə ki, azad edilmiş torpaqlarda fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə bizim təbiətimizə qəsd ediblər. Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Meşə fondumuz məhv edilib. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi. 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb. Avropada öz əhəmiyyətinə görə ikinci hesab olunan Bəsitçay Təbii Qoruğu isə tamamilə məhv edilmişdir.
Gənclər üçün idman əvəzedilməz bir məsələdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək və alkoqollu içkilər içməyəcəkdir. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.
Ruyal Mədətov
“Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini,
Nərimanov rayonun fəal gənci