Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a geniş müsahibə vermişdir.
Hakimiyyətdə olduğu on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub.
Hazırda Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi tam icra edilib. Böyük maliyyətutumlu içməli su layihəsi hələ ki, icra edilir (təqribən 800 milyon manat dəyərində). Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir.
Bakı-Gəncə və Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır. Bakıdan Gəncəyə gedən dəmir yolu xətti tam modernləşdirilib.
Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişli və rahatdır. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur.
Gəncə şəhərində səhiyyə və təhsil infrastrukturu yenilənmişdir. 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib.
Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.
İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Kəlbəcərə yeganə gedən yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında xüsusi rolu olacaqdır.
Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerə malik olubdur. İnşa olunan yeni obyektlər, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır.
İllər öncə Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə Gəncədə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı.
Gəncədə inşa olunan İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir.
İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar (6 uşaq həlak oldu), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.
Gəncədə inşa olunacaq Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Nə vaxt bu faşizm baş qaldırmaq istəsə, biz onu məhv edəcəyik.
Rəsmi İrəvan faşizmi təbliğ etməkdən əl çəkə bilmir. Belə ki, Cəllad Njdeyə Ermənistanın paytaxtında qoyulan abidə faşizmin təbliğatıdır. Bu adam faşist və cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir.
Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan-Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olmalıdırlar.
Aysel Quliyeva
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci