“Elvin Həşimli yalan vədlər verərək, 2.5 milyon manat pulu ələ keçirib və həmin vəsaiti öz əyləncələrinə sərf edib. Cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə davam edir. Amma bu günə qədər iş üzrə istintaqı aparan Xətai Rayon Prokurorluğunda da, həmçinin məhkəmələrdə də bütün sübutlar gözdən salınır, iş üzrə səs yazıları, pulun alınması ilə bağlı qəbzlər və başqa bu kimi amillər olduğu halda, bu sübutlar araşdırılmır. Elvin Həşimlinin atası Elçin Həşimov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri kimi mənə dəfələrlə 2-3 ay ərzində pulun tam qaytaracağını və yaxud da hansısa daşınmaz əmlakların mənim adıma keçirəcəyini vədlərini versə də, nəticədə heç bir sözünə və vədinə sahib çıxmayıb. Bu danışıqları sübut edən səsyayzısı var və bunu həm prokurorluğa, həm də məhkəməyə təqdim etmişik. Maraqlıdır, MKTB-nin rəhbərində bu qədər pul haradandır?! Elvin Həşimli öz atası, qayınatası vasitəsilə bütün işlərini həll etdiyini, ən yuxarı dairələrlə görüşüldüyünü bildirərək, işinin xitam olunacağını deməklə yetməyərək, iş üzrə bütün şahidlərə təsir göstərir”.
Bunu mətbuata açıqlamasında zərərçəkmiş M.Səmədov deyib. O, bildirib ki, artıq üçüncü məhkəmə prosesi baş tutsa da, ittiham olunan Elvin Həşimliyə həbs qətimkan tədbiri seçilmir:
“Bu işə Xətai Rayon Prokurorluğunda xitam etmək istəyirdilər, bununla belə, sübutlarımız qarşısında aciz qalaraq, məhkəməyə göndərməyə məcbur oldular. Elvinin bu əməlinə görə ona qarşı Cinayət Məcələsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Məhkəmə araşdırması hakim Azad Məcidovun sədrliyi ilə davam etsə də, eynilə həbs qətimkan tədbiri seçilmədi. Növbəti məhkəmə prosesi fevralın 2-də saat 09:00-da baş tuttacaq. Güman edirəm ki, budəfəki məhkəmə prosesində hakim Azad Məcidovun qərarıyla həbs qətimkan tədbiri seçiləcək.”
Məlumat üçün bildirək ki, Elvin Həşimli, M.Səmədova yalan vədlər verərək, ona qarşı 2.5 milyon manat məbləğində xüsusilə külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirməsində ittiham olunub.
Elvin Həşimli Daxili İşlər Nazirliyi Xətai rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsində çalışıb. Onun atası Elçin Həşimov hazırda Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışır.
Məsələ ilə bağlı Elçin Həşimovla əlaqə saxladıq və qeyd olunan ittihamlara aydınlıq gətirməsini istədik. O, sualları dinləməyərək, qısa cavab verib və dəstəyi asıb:
“Mən onu tanımıram. Mənim də bu işdən xəbərim yoxdur. Bu barədə mətbuata açıqlamamı da vermişəm.”
M.Səmədovun iddiasına görə, Elvin Həşimlinin yüksək vəzifəli yaxın qohumu tərəfindən istintaq prosesinə təsir edilir. Qısa araşdırma zamanı məlum olub ki, zərəçəkmişin nəzərdə tutduğu şəxs Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Surxay oğlu Əliyevdir. V.Əliyev yaxın qohumu Elçin Həşimovdan fərqli olaraq, haqqında söylənilən iddialara cavab verib:
“Bəli, Elçin Həşimovla qohumluq əlaqəm var. Xətai Rayon Prokurorluğunda onun oğlu Elvin Həşimli ilə bağlı istintaq getdiyindən də xəbərim var. Azərbaycan hüquqi dövlətdir. İstintaq prosesinə kimsənin müdaxilə etmək səlahiyyəti var, yoxsa yox? Yoxdur. Nə həmin işi aparan şəxslə, nə də prokurorla tanışlığım var. Bir adama tərəfimdən bir kəlmə söz deyilməyib. Sadəcə olaraq, eşitmişəm ki, bu məsələ ilə bağlı müraciət olunub və prokuror tərəfindən araşdırma aparılır. İstintaqın yekununda kim günahkar olacaqsa, qanunla da həmin şəxsə cəza tədbiri müəyyənləşdirilə bilər. Mən elə bir adam deyiləm ki, lap doğma övladım olsa belə, hər bir kimsənin törətdiyi bir əmələ görə, cəzadan kənarda qalmasını qəbul etmirəm. Mənimlə bağlı deyilən amillər də var ki, mən elə bir səlahiyyət sahibi deyiləm. Tutduğum vəzifə Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavinidir. Xocalı RİH-nin başçısının müavini səalhiyyətində olan şəxs hər hansı bir istintaq prosesinə müdaxilə və ona təsir etmək, bu məsələlərin hallandırmağı nə dərəcədə ağıllıdır?”
Qeyd edək ki, zərərçəkmiş M.Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş Prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəis Əli Nağıyevə müraciət edib.
Zərərçəkmiş M.Səmədovun müraciətini olduğu kimi təqdim edirik:
“Sabiq polis əməkdaşı Həşimli Elvin Elçin oğlu yalan vədlər verməklə böyük məbləğdə pulumu ələ keçirib Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayət əməli törətmişdir. O belə bir ağır əməl törətməsinə baxmayaraq vəzifədə olan atasının və qohumlarının imkanlarından istifadə edib himayə edilir. Belə ki, onun barəsində etdiyim şikayətlə bağlı uzun müddət bir neçə istintaq orqanında çox səthi cinayət təqibi aparılmış, sübutlar saxtalaşdırılmış, bütün sübutların məhvinə yönələn uzun bir yol keçilmiş, sonda Xətai rayon prokurorluğunda da süni bir ittiham görüntüsü yaradan ittiham verilməklə, işin son akkordlarının vurulmasına çalışılmağına baxmayaraq, bu iş son nöqtədən ayağa qaldırıldı, işə yeni qoşulmuş müdafiəçilərimin səyi və qətiyyəti nəticəsində şəxsə ağır ittiham elan edilməsi və məhkəməyə göndərilməsinə məcbur edildi. Bu dəfə isə Xətai rayon prokurorluğunda guya istintaq müddətinin başa çatmaq üzrə olması bəhanəsi gətirilərək ona həbs seçilməsi ilə bağlı təqdimat verilmədi. Halbuki təqsirləndirlən şəxs Elvin Həşimli arxayın olduğu üçün peşmanlıq hissi keçirməmiş, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmamış, bu azmış kimi iş üzrə ittihamın əsas şahidlərinə zənglər etməklə qanunsuz təsirlər etmiş və bunla da istintaqın normal gedişinə mane olmuşdur. Artıq onun yaxın ətrafı məhkəmə tərkibinə də təqsirlər göstərmək üçün ora-bura can atmaqdadırlar. Bu baxımından Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bu işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi və qanunsuz təsirlərin aradan qaldırlması üçün xüsusilə ağır cinyət əməlini törətməkdə təqsirliəndirilən Elvin Həşimli barəsində həbs qətimkan tədbirinin seçilməsi zəruridir. Ona görə cinayət işin nəzarətə götürülməsini Sizdən xahiş edirəm”.
Qeyd edək ki, hazırda Elvin Həşimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması hakim Azad Məcidovun sədrliyi ilə davam edir.