Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon söhbətinin detalları açıqlanıb. Kremlin rəsmi saytında verilən məlumata görə, Putin deyib ki, ABŞ və NATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini görməzliyə qoyublar.
O əlavə edib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb: “1997-ci ildə Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya hələ NATO üzvü deyildirlər”.
Rusiya Prezidenti qeyd edib ki, Rusiya Moskvanın aldığı cavabı diqqətlə öyrənəcək və bundan sonra özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək.
Xatırladaq ki, Rusiya ABŞ və NATO-ya sözügedən tələbləri hələ ötən il təqdim edib. ABŞ və NATO bildirmişdilər ki, bu təkliflərin arasında icrası mümkün olmayanlar var.
Bunlardan biri də, məsələn, NATO-ya yeni üzvlərin qəbul edilməməsi tələbidir. Buna baxmayaraq tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər. Vaşinqton Moskvaya cavabının ictimaiyyət üçün açıqlanmamasını istəmişdi.
Lakin “The New York Times” qəzeti cavablarla tanış olduğunu iddia edir. Qəzet yazır ki, cavab məktubunda ABŞ Rusiya ilə qarşılıqlı qaydada hərbi manevrlərin ixtisar olunması və raket və nüvə silahlarının məhudlaşdırılması sahəsində müzakirəyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də deyib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.
Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.
“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb. (AzPolitika.info)