“Nəzir və ianələrin toplanması və sərf olunması ilə bağlı ayrıca qanun var. Yəni ianənin hansı formada verilməsi qanunvericilikdə var. Sadəcə olaraq məsçidləri əlahiddə olaraq ayrmaq və qanun çıxarmaq məncə doğru deyil”.
Bu sözləri millət vəkili Fazil Mustafa “Dini etiqad azadlığı haqqında” qanuna gözlənilən dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.
Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri müzakirə edir. Dəyişikliklərə əsasən dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək və bu icra orqanı təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olacaq. Bilirik ki, uzun illərdir ki, Azərbaycanda məscid və ziyarətgahlarda toplanan nəzir və ianələr qeyri şəffaf sərf olunub və əslində bu nəzir və ianələr din xadimləri tərəfindən mənimsənilib.
Bu barədə dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinə jurnalist müraciətləri və sorğuları olsa da nə şeyxülislam, nə də digər dini liderlər bu məsələ ilə bağlı açıqlama verməkdən yayınıb. Verilən açıqlamalar isə heç zaman təxmin edici olmayıb. Əslində isə özlərini Allah yolunun yolçusu olaraq təqdim edənlər, halala haramı qatmamağı söyləyənlər haramla qidalanıblar və bunu da çox normal və özlərinin haqqı kimi qəbul ediblər.
Qeyd edək ki, dünyanın əksər ölkələrində dini məbədlərdə və ziyarətgahlarda toplanan ianə və nəzirlər sosial məqsədlərə sərf olunur. Bir çox ölkələrdə kilsə və məbədlər yığdıqları ianələrlə məktəblər və xəstəxanalar saxlayır və bu müəssisələrdə xidmət pulsuz həyata keçirilir. Eyni zamanda yığılan ianələrlə bağlı şəffaflıq olur.
Yeni qaydalar tətbiq olunandan sonra bu sahədə şəffaflığın olacağına inanmaq olarmı və bu dəfə nəzir qutuları Dini Komitənin yağlı tikəsinə çevrilməyəcəkmi? Əslində nəzir və ianələrin toplanması, sərf olunması ilə bağlı ayrıca qanun qəbul etmək daha yaxşı olmazmı?
Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.
Məsciddə ianə yığılmalı olduğunu vurğulayan millət vəkili bildirib ki, yığılan ianəni də məscidin saxlanılmasına, başqa məsələlərə sərf etmək lazımdır:
““Dini etiqad azadlığı haqqında” qanuna Milli Məclisə daxil olub. Bəlkə heç bu qanun qəbul olunmayacaq.
Ümumiyyətlə isə nəzir və ianələrin toplanmasında şəffaflığın olacağına inanmıram. Çünki bu sahədə heç bir şəffaflıq ola bilməz. Nəzir və ianələrin toplanması qeyri-qanuni fəaliyyətdir. Bunun islam dininə heç bir dəxli yoxdur. Məscidlərdə yığılan nəzirlər də qeyri-qanuni yığılır.
Məsçiddə ianə yığıla bilər. Yığılan ianəni də məscidin saxlanılmasına, başqa məsələlərə sərf etmək lazımdır. Buna görə də məscidlərdə, ziyarətgahlarda normal iş hesabatlılıq işi qurulmalıdır. Bu hesabata görə də bilinməlidir ki, məsçidə nə qədər ianə daxil olub. Bir daha qeyd edim ki, həmin ianələr də məsçidin saxlanılmasına xərclənməlidir. Məscid kiminsə yeyinti mənbəyinə çevrilməməlidir.
Nəzir və ianələrin toplanması və sərf olunması ilə bağlı ayrıca qanun var. Yəni ianənin hansı formada verilməsi qanunvericilikdə var. Sadəcə olaraq məsçidləri əlahiddə olaraq ayrmaq və qanun çıxarmaq məncə doğru deyil. Partiyalara, Qeyri Hökümət Təşkilatlarına və başqa qurluşlara da ianə var. İanənin forması qanunvericilikdə var. Məscidi niyə ayırırlar onu bilmirəm. Nəziri ianə kimi təqdim edirlər. Amma nəzir ianə deyil”.