Sirr deyil ki, ümumilikdə bir sıra məmurlar dövlətdən oğurladıqları vəsaitləri əsasən xaricə aparır. Sonradan onu aşkar edib geri qaytarmaq isə olduqca çətin olur. Buna həm böyük vaxt lazım olur, həm də ciddi həcmdə vəsaitlər.
Məsələnin o tərəfi də var ki, oğurluq pulla alınan əmlaklarla bağlı həmin ölkələrdə aparılan araşdırmalar belə çox vaxt Azərbaycanın xeyrinə yekunlaşmır. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin xanımı, Eldar Mahmudovun övladları və sairə sabiq məmurlarla bağlı araşdırmaların nəticəsizliyi göz önündədir. Yəni keçmiş bankirin xanımı Zamirə Hacıyevanın Londondakı mülklərini, o cümlədən sabiq məmurlara aid əmlakları müsadirə etmək mümkün olmayıb. Məsələn, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu-Yorkda 4 milyonluq mülkü üzə çıxmışdı. Sabiq nazir isə bunu şəxsi işi adlandırmışdı. Həmçinin sabiq MTN rəhbəri Eldar Mahmudovun və ailə üzvlərinin, o cümlədən digər məmurların xaricdə sərvətləri məlum olub.
Azərbaycanın baş prokuroru Kamran Əliyev qurumun 2021-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bir sıra məqamlara toxunub. Baş prokuror qeyd edib ki, xarici ölkələrdə olan və təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanılıb. K.Əliyevin açıqlamasına əsasən, ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi üzrə görülən tədbirlər nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib. Eyni zamanda xaricdə olan əmlakın müsadirəsi ilə bağlı lazımi tədbirlər görülüb.
Amma yuxarıda sadaladığımız əngəlləri nəzərə alsaq, xaricdəki əmlakla bağlı Baş Prokurorluğun cəhdləri nə qədər uğurlu alınacaq? Elə etmək olmazmı ki, məmurların, onların ailə üzvlərinin xaricdən əmlak sahibi olması yasaqlansın?
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, həmin mülkiyyət haradadırsa, qanunvericiliyə uyğun həll edilməlidir: “Azərbaycan rəsmi müraciət etməli, cinayət işinin məğzi ilə bağlı vəkil tutmalıdır. Xarici məhkəmələrin qərarı ilə əmlakın müsadirəsi mümkün ola bilər. Azərbaycan hakimlərinin qərarları isə keçərli deyil. Açığı, çətin prosedurdur. Çox zaman məmurlar əmlakları yaxın qohum və tanışlarının adına sənədləşdirir və məhkəmədə sübut etmək çətinləşir, eyni zamanda məhkəmə prosesi özü də uzun çəkir”.
N.Cəfərlinin sözlərinə görə, xüsusən Böyük Britaniyada məhkəmələr uzun zaman alır: “Bununla belə, Azərbaycan tərəfindən faktlar varsa, həmin ölkələrin məhkəmələrinə üz tuta bilərik. Amma məmurlara və ailə üzvlərinə xaricdə əmlak almağı qadağan etmək mümkün deyil. Sadəcə, elə sistem və nəzarət mexanizmi yaradılmalıdır ki, korrupsiya ilə məşğul olmasınlar. O səbəbdən korrupsiyaya rəvac verən sistem aradan qaldırılmalıdır, hesabatlılıq olmalıdır, parlament və sivil toplum tərəfindən nəzarət mexanizmi güclənməlidir. O zaman məmurların pulları xaricə çıxarması mümkün olmur”.
“Vətəndaş” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova bildirib ki, məmurların xaricdə əmlak almasını önləmək üçün ilk növbədə ölkələrarası korrupsiya və qaçaqmalçılıqla bağlı anlaşma olmalıdır. Onun sözlərinə görə, bu müqavilədən irəli gələrək bəzi ölkələrlə razılaşmışıq: “Bir neçə belə presedent var. Amma hamısı mümkün olmayacaq. Çünki hüquqi baxımdan əmlakın kimə məxsusluğunu sübut etmək çətindir. Elə ölkələr var ki, xarici vətəndaş əmlak ala bilməz və belə olan halda məmur aldığı mülkü həmin ölkənin vətəndaşının adına rəsmiləşdirir, nəticədə izi itirir”.
Hüquqşünas qeyd edib ki, baş prokuror 227 əmlak müəyyən edildiyini açıqlayıb, lakin rəqəmlər daha çox ola bilər: “Onların müsadirəsi formal mümkündür, praktik çətindir. Əslində məmurlar qanunu yaxşı bilir və əksəriyyəti mülklərini başqalarının adına sənədləşdirir. Ona görə gəlir bəyannaməsi ictimai şəkildə təqdim olunsa, məsələ köklü şəkildə həll edilə bilər. Məmurlar, nazirlər, deputatlar gəlir bəyannaməsini açıqlamalıdırlar, bu zaman əmlakla gəlir bəyannaməsi uyğun gəlməyəndə korrupsiya faktını müəyyən etmək olur. Bu, hüquqi tənzimləmədən daha çox siyasi iradə məsələsidir. Yəni sən hətta ayda 5 min manat maaş alırsansa belə, sual doğurur ki, 5 milyonluq villanı necə əldə etmisən?!”
Mənbə: "Yeni Musavat"