Aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin şöbə müdiri Elşad Hacıyev bildirib. O qeyd edib ki, iş üzrə icraat dayandırılması ilə bağlı iddialar əsassızdır.
Xatırladaq ki, aktrisa Çimnaz Sultanova açıqlamasında evindən külli miqdarda oğurluq edildiyini iddia edib. Onun sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Zərif Əlixanova isə APA-ya bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir. O, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da cinayət işinin açılması rədd edildiyini və iş üzrə icraatın dayandırıldığını vurğulayıb.