Baş Prokurorluq iki rayon və bir şəhərdə qanunsuz ağac kəsimi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə MilliYol.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.
Aparılan araşdırmalar nəticəsində, İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ədəd ağacın qanunsuz kəsilərək təbiətə 14 min 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şivan şəhər prokurorluğuna göndərilib.
Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
"Baş Prokurorluq vətəndaşlarımızdan yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsini tövsiyə edərək qeyd edir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı bundan sonra da ən ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir", - məlumatda qeyd edilib.