Axşam işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedib.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Onu da qeyd edək ki, erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.
Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb. Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir. İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla Yerevan hospitalına göndərilib.
Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyəti ağır-stabil olaraq qalır. Bunu Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib.
Onun sözlərinə görə, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.
Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.
Azərbaycan Müdafiə Nazirliyi də cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Çıraqlı, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
MilliYol.Az
Digər xəbərlər
loading...