Prezident İlham Əliyev iki fərman imzalayıb. "Milli Yol" fərmanları təqdim edir:
Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Müstəqillik əldə edildikdən sonra dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olmuşdur.
Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.
Yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti:
2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında:
2.2.1. özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.2. cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın;
3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
* * *
Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir;
1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektləri ilə bağlı görülmüş tədbirlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
"Milli Yol"
Digər xəbərlər
loading...