Erməni sosial şəbəkə istifadəçisi Ruben Vardazaryan Ağdam və ətraf rayonların məhv edilməsi haqqında yazıb. Ermənilərin Azərbaycan torpaqlarında vandallıq etdiyini etiraf edən sosial media istifadəçisi həmyerlilərinə çox vacib suallar verib. O, hətta soruşur ki, ermənilər 1-ci Qarabağ müharibəsi zamanı hidrogen bombasından istifadə edib?
MilliYol.Az Hikmət Həsənovun təqdimatında Ruben Vardazaryanın yazısını təqdim edir:
"Hörmətli oxucular, etiraf edin ki, monqol-tatar istilası barədə dəfələrlə eşitmişik. Bu, bizim təsəvvürümüzdə dəhşətli obrazlar yaradır.1000 il əvvəl monqol-tatarlar rəqibin yaşayış məntəqələrini ələ keçirir, talan edir, daşı daş üstə qoymur, yerlə bir edirdilər. Bu barədə eşitmisiz.
Əminəm ki, uşaqlıqdan bu regionda yaşayan ermənilərin köçəri barbar-vampirlərdən fərqli olaraq yeganə sivil, avropalı, humanist xalq olduğunu eşitmisiz. Səhv etmirəmsə, doğulandan bir neçə gün sonra sözün əsl mənasında bu tezisi bizim beynimizə yerləşdirirlər. İndi sual verirəm, niyə 30 ildir Ağdam yoxdur? Türklərin Ağdam şəhəri niyə boşalıb, səhraya çevrilib? Yer planetində Ağdam şəhəri mövcud deyil. Niyə?
Məsələn, mən birinci dəfə Ağdamı, sonra Zəngilanı, Cəbrayılı və digər kiçik Azərbaycan kəndlərini görəndə özüm-özümə sual verdim: bu ərazilərdə necə savaş gedib ki, bir ev, bir qapı, bir pəncərə də salamat qalmayıb? Ağdam və Zəngilan istiqamətində bizimkilər hidrogen bombasından istifadə ediblər? Hidrogen bombası nədir, 90 faiz hallarda heç tanklar da girməyib. Maksimum 2 həftə Qrad qurğusundan raket atəşinə tutulub. Bəs o zaman Ağdam, Cəbrayıl və digər rayonları nə məhv edib?
Yadımdadır, uşaq vaxtı "Spartak uşaqlarla öz KamAz-ı ilə talaan getdi”, "Yurik talandan filan-filan şeyləri gətirdi”, "Yurikin qardaşı bunu talandan gətirib”, "Talan vaxtı Serob minaya düşdü” tipli cümlələr eşidirdim.
Mənim beynim Ağdamda bir divarın, görüntü üçün bir evin qalmasına, müsəlmanların müqəddəs məbədlərində donuz saxlanılmasına, azərbaycanlıların qəbirlərini qazıb qızıl dişlərinin çıxarılmasına icazə verilməsini başa düşə bilmirəm. Bu necə ola bilər?
Hörmətli oxucu, xahiş edirəm, Yutuba girin və azərbaycanlıların bu gün yaşayış məntəqələrindəki (Qarabağdakı. – red.) dağıntıları göstərdikləri xarici jurnalistlərin tutqun simalarına baxın. Jurnalistlər söz tapa bilmirlər. Onlardan fərqli olaraq mənim sözüm, daha doğrusu, sualım var. Bu barbarlığa kim icazə verib?
Bu şəhərlər, abidələr, müqəddəs yerlər, adi binalar kimə nə edib axı? Siz niyə bunları bünövrəsinə qədər məhv etmisiz və ya məhv etməyə icazə vermisiz? Siz hələ monqol-tatarlardan danışırsız? Biz indi dünyaya nə deyəcəyik?
Azərbaycanın 4-də bir hissəsini tornado dağıdıb? Siz elə düşünürsüz ki, bütün dünya səfehlər yığınıdır və təkcə siz - cənab talançı və vandallar hiyləgərsiniz?
İndi gedin baxın, görün Əliyev nələr edir. Kazançetsosu təmir etdirir. Bilirəm, deyəcəksiniz ki, bu görüntü üçündür, filan-filan. Siz də görüntü üçün təmir etdirərdiniz. Ya da, daha dəqiq, dağıtmazdınız, olduğu kimi saxlayardınız.
Yaxşı, texnikanı, mebeli, əşyaları götürərdiniz. Divarları, tavanı, trubaları, səkiləri, heç olmasa məktəb və bağçaların binalarını saxlayardınız. Başa düşdük, talandır. Amma belə də yox da.
Hörmətli Feysbuk erməniləri, siyasi baxışlarınızdan asılı olmayaraq, etiraf edin ki, gecə-gündüz barbarlardan şikayət edən sivil xalq 21-ci əsrdə müdafiəsiz şəhər və kəndləri dağıdıb talan etmir. Ağdamı azərbaycanlılar hər gün birbaşa efirdə göstərirlər. Əgər azərilərə inanmırsınızsa, orada xidmət edən qohum və ya tanışlarınızdan soruşun. İndi deyəcəksiniz ki, orada daş yox idi, bizimkilər evlərin daşını söküb səngərlərimizi möhkəmlədirdilər. Hə, gördük necə möhkəmləndiriblər.
Həm də necə yəni daş yox idi? Sizin fikrinizcə, rəqibin yaşayış məntəqələrini məhv etməyi tikinti materiallarının olmaması ilə əlaqələndirmək olar? İndi onlar Şuşa ətrafındakı blindajları Kazançetsosun xaçkarları ilə möhkəmləndirsələr, xətrinizə dəyməyəcək? Beynəlxalq cəmiyyətə car çəkib bu gəlmə vampirləri vandalizm və barbarlıqda ittiham etməyəcəksiz? Edəcəksiz və bu haqlı işdir. Bəs o zaman niyə eyni şeyi siz etdiz?
Əzizlərim, Çernobıla çevrilən bu 7 rayonda heç bir bina qalmayıb. Başa düşürsüz? İki dağılmış və talan edilmiş məscid var və orada da donuz və inək saxlayıblar".