Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.
MilliYol.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.
Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.
Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl rayon şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyev bir neçə il öncə mətbuatın gündəminə evində oğurluq hadisəsi olması ilə gündəmə gəlmişdi. 2016-cı ildə onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A-da yerləşən 26 nömrəli mənzilinə daxil olan oğrular, evdən 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi aparmışdılar.
Rütbəsi artırılan Yusif Mirzəyev isə mərhum dilçi alim, sabiq deputat Həsən Mirzəyevin oğludur. O, 2018-ci ilin fevralında Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi təyin edilib. Bir il sonra isə general-mayor ali hərbi rütbəsini alıb.
General-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.
Fotoda general-leytenant Zaur Abdullayev
General-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.