"Mən uşaqlarım naminə Suriyaya getdim. Gözü dönmüş ərim uşaqlarımı müharibənin ortasına atacaqdı. Bir ana olaraq buna necə icazə verə bilərdim".
MilliYol.Az xəbər verir ki, İŞİD terror qruplaşmasına üzv olmaqda ittiham edilən Məmmədova Ülkər Şahmurad qızı deyib.
İŞİD terror qruplaşmasının "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı olmuş Ülkər Məmmədova məhkəmə ifadəsində bildirib ki, Ankara vağzalında terror aktını törədən İŞİD-çiləri əri tanıyırdı, amma özü bu adamları tanımayıb: "Onlar ərimlə bərabər Suriyaya gediblər. Amma mən tanımıram, heç bir terror aksiyasını dəstəkləmirəm. Mən İŞİD-in nəzarətində olan bölgədə sadə həyat sürürdüm, onların heç bir fəaliyyətinə qarışmırdım".
Ülkər Məmmədova əri öldürüləndən sonra onun qardaşı Suat Dokumacı ilə əlaqə saxlayıb, Türkiyəyə dönmək istədiyini bildirib. Suat Dokumacı isə ona sərhədə gəlib Türkiyə əsgərinə təslim olmağı məsləhət görüb: "2020-ci ilin avqustunda ərim hava hücumunda öldü. İdlibdə olduğumuz müddətdə ərim davamlı olaraq nələrsə araşdırırdı. Təhlükəli adam idi. Məni Türkiyəyə göndərmədi, çünki göndərsəydi onu ələ verəcəyimi bilirdi"
Dövlət ittihamçısı Ülkər Məmmədovanın ifadəsini səmimi hesab etməyib və onun İŞİD-çi kimi cəza almasını istəyib. Amma Məhkəmə heyəti könüllü təslim olmasını, təşkilatın strukturu və fəaliyyəti barədə məlumatlar berməsini nəzərə alaraq məhkəmə zalından azad edib.
Qeyd edək ki, ötən həftə Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub. Siyahıda 34 yaşlı Məmmədova Ülkər Şahmurad qızı da var. Azərbaycanın Qubadlı rayonunda doğulan Ülkər Məmmədova 2015-ci ildə paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacının həyat yoldaşı olub. Azərbaycanlı qadın 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. O, hətta İŞİD-in "canlı bomba” siyahısında olub.
Ülkər Məmmədovanın atası Şahmurad Məmmədov ehtiyatda olan polkovnikdir. Terrorçuluqda ittiham olunan azərbaycanlı qadın Azərbaycanda politologiya ixtisasına qəbul olsa da, baş örtüyü səbəbindən universitetə gedə bilməyib. Bu səbəbdən oxumaq üçün Türkiyəyə üz tutan qadın Konyanın Səlcuq Universitetinə qəbul olub. Burada o, "Facebook"da Mustafa Dokumacı ilə tanış olaraq onunla evlənib və İŞİD-ə cəlb olunub.