İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almışdır.
1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır və oaranı bitirən İ.Əliyev elə həmin ildə də MDBMİ-nin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. O, 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilmişdir.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ilham Əliyev dünyanın aparıcı dövlıətlərinin və qurumlarının aşağıdakı 21 ordenləri ilə təltif olunmuşdur: Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il). Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il). Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il). Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il). Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il). Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il). Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il). Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il). Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il). Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il). Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il). Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il). Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il). Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il). Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il). Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il). “Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il). Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il). Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il). Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il).
İlham Əliyev aşağıdakı elm məbədlərinin Fəxri elmi adları və medalları ilə təltif olunmuşdur(cəmi 16): Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il). Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il). Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il). Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il). Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il). Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il). Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il). İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il). Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il). Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il). Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il). Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il). Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il). Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il). Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il). Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il).
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezident İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”;
Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Uzun fasilədən sonra 9 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, vaxtı ötürülmüş qurultayların keçirilməsi məqsədilə bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi, 30 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması və s. Prezident İlham Əliyevin prinsipial mövqeyinin təzahürüdür.
Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür.
Regionun ən böyük və güclü siyasi partiyasının sədri Prezident İlham Əliyev. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə YAP-da köklü islahatlara başlanılmışdır.
Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qlobal Bakı Forumu təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından dünyada aparıcı siyasi platformalardan biridir. Qısa müddət ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib. 2013-2021-ci illərdə 7 Qlobal forum keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Son üç ildə ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik edib. Bu dövr ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.
Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirililmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş, 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.
Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, YUNESKO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.
Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
“Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır.
Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturu-nun inkişafında əhəmiyyətli rol oynayır. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.
Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib.
Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib.
Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanla I Dövlət Proqramını, 14 aprel 2009-cu il tarixli Fərmanı ilə II Dövlət Proqramını, 27 fevral 2014-cü il tarixli Fərmanla III Dövlət Proqramını təsdiq etmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilmişdir.
Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmışdır.
Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə dəqiq yol xəritəsi. Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi.
Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.
Silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair beynəlxalq əməkdaşlıq əlaqələri dayanmadan artırılıb. Bir sıra ölkələrlə müqavilələr imzalanıb. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.
Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib, bu proses hələ də davam edir. Həmçinin, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifidir.
“YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan ali diqqətin təcəssümüdür. Bu fondlar öz fəaliyyətində Prezident İlham Əliyevin humanitar missiyasını davam etdirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsidir. Ötən dövr ərzində Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş” Fondu işğaldan azad olunmuş ərazilərin bərpası və ümummilli həmrəyliyi təcəssüm edən daha bir önəmli təşəbbüsdür. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.
Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.
Yeni reallıq regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən olunacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır.
Qarabağ “yaşıl enerji” zonasına çevriləcəkdir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. İşğaldan azad olunmuş ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. 2021-ci ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcəkdir.
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Aysel Ramazanova - "Odlar Yurdu" Universitetin tələbəsi, Nərimanov rayonun fəal gənci