Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilir.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq Azərbaycan Respublikası dövlət mükafatı laureatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsərinin təqdimatının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Azərbaycanın tarixində tarixi şəxsiyyətlərin çox olduğunu vurğulayan akademik bildirib ki, XXI əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir. AMEA-nın prezidenti əsərdə müəllifin Azərbaycan Prezidenti İlham Əliyevin gözəl, əzəmətli və orijinal portretini öz qələminin gücü ilə tam təsvir etdiyini vurğulayıb. Bildirilib ki, bu kitab Azərbaycan həqiqətlərinin rus dilində daha geniş coğrafiyada yayılmasına mühüm töhfə verəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kitabda Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən və ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı mühüm məsələlərdən ətraflı bəhs olunduğunu vurğulayıb. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı XXI əsrin görkəmli dövlət xadimi İlham Əliyevə həsr edilmiş kitabın təqdimatının mühüm hadisə olduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görülməyən mühüm uğurlara imza atdığını vurğulayan M.Qasımlı bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların əsərdə mükəmməl formada oxucuların diqqətinə çatdırıldığını bildirib.
Qeyd edək ki, nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif “Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədir?” suallarına cavab axtarır. Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...