Xəbər verdiyimiz kimi, dünən “28 May” metrostansiyası yaxınlığında yerləşən “Dönər Market”də 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qaynarinfo hadisənin baş verdiyi deyilən dönərxanın adı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, dünyanın bir sıra ölkələrdində “Dönər Market” adı ilə əsasən mal və toyuq ətindən "fast food" qidaları müştərilərə təqdim edilir.
Ukraynada fəaliyyət göstərən “Dönər Market” şəbəkələrinin rəhbəri məşhur iş adamı Yuri Kosyukdur. 2020-ci ildə ölkədə bu adda 7 yeni şəbəkə yaradılıb. Ümumilikdə Ukraynada bu şəbəkələrin sayını 2000-nə çatırmaq planlaşdırılır. İş adamının dünyanın bir sıra ölkələrində də dönərxana şəbəkələri var.
Bəs Azərbaycandakı “Dönər Market”in sahibi Yuri Kosyukdurmu?
Sayt məsələ ilə bağlı zəhərlənmənin baş verdiyi deyilən “Dönər Market”lə əlaqə saxlayıb. Müəssisənin sözüçüsü kimi özünü təqdim edən şəxs bildirib ki, bir ilə yaxındır fəaliyyət göstərən ticarət obyektinin sahibi azərbaycanlı iş adamıdır və Ukrayna ilə bağlılığı yoxdur:
“Əvvəl bizim yerimizdə “Büyük Fırat Lahmacun” fəaliyyət göstərib. Daha sonra burada “Dönər Market”i qurduq. Ətrafımızda çox sayda "fast food" təqdim edən restoranların olmasına baxmayaraq, biz işimizlə kifayət qədər müştəri toplaya bilmişdik. Hazırda baş verən hadisə ilə bağlı araşdırma gedir. Ümid edirik ki, olayın bizim işimizlə heç bir bağlılığı olmayacaq”.