Mübahisə, fikir ayrılığı, münaqişələr bəşəriyyət yaranandan mövcuddur desək, yəqin ki, yanılmarıq. İstər şəxsi həyatda, istərsə də biznes sahəsində baş verən mübahisə/münaqişə tərəflər arasında mövcud olmuş bütün körpülərin yandırılması və hadisələrin geri dönüşü olmayan bir istiqamətə yön alması ilə nəticələnə bilər. İş bu həddə çatanda isə hər iki tərəf əziyyət çəkir, çünki tərəflərin hər biri öz dediyindən dönmür, qarşı tərəfi eşitmək belə istəmir. Halbuki istənilən mübahisəni münaqişə həddinə çatdırmadan sülh yolu ilə həll etmək mümkündür və bu işdə mediasiya institutu fövqəladə imkanlar yaradır.
Hüquqi termin kimi son illərdə daha çox istifadə olunan mediasiyanın tarixi, əslində, çox qədim dövrlərə gedib çıxır. Tarixin müxtəlif dövrlərində münaqişələrin müvəqqəti və ya birdəfəlik həll yolları olmuşdur. Bu həll yolları hər cəmiyyətin milli-dini dünyagörüşündən asılı olaraq bir-birindən fərqli idi. Ancaq qədim dövrlərdə, demək olar ki, bütün cəmiyyətlərdə insanların mübahisələrin həllinə üçüncü tərəfin (neytral şəxsin) cəlb edilməsinə maraq göstərməsinin kökündə yalnız bir məqsəd var idi: sağ qalmaq. Tarixçilərin araşdırmalarından belə məlum olur ki, müasir mediasiya prosedurunun izlərinə ticarət sahəsində inkişaf etmiş regionlarda daha çox rast gəlinir. Bu mənada bir vaxtlar dəniz ticarəti ilə məşhur olmuş Finikiyanı, qədim Çin və Yaponiyanı misal göstərmək olar. Mediasiya institutunun növbəti inkişaf mərhələsi Yunanıstanın adı ilə bağlıdır. Burada mediasiya işini həyata keçirənlər - mediatorlar “proxenetas” adlandırılırdılar. Roma hüququnda isə onlar zaman-zaman “internuncius”, “medium”, “intercessor”, “interpolator”, “conciliator”, “interlocutor”, “interpres” və “mediator” adları ilə tanınırdılar. Müasir mediasiyaya gəlincə, XX yüzilliyin ikinci yarısından başlayaraq əvvəlcə anqlo-sakson hüquq sisteminin aid olduğu ölkələrdə – ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrdə inkişaf etməyə başlamış, sonradan digər Avropa ölkələrinə yayılmışdır. Əvvəllər mediasiya yalnız ailə münasibətlərindən irəli gələn mübahisələrə şamil edilirdisə, sonralar, demək olar ki, bütün hüquqi mübahisələrin həlli yolu kimi qəbul edilməyə başlanmışdır.
Bəs mediasiya nədir, əsas fəaliyyəti nədən ibarətdir? Əvvəlcə ondan başlamaq lazımdır ki, bəzən mediasiya institutunu barışdırıcı missiya yerinə yetirən subyekt kimi qəbul edir, hətta onun sayəsində boşanmaların azalacağını düşünənlər də olur. Halbuki tərəflər arasında barışıq yaratmaq onun funksiyalarına qətiyyən daxil deyil. Mediasiya maraqların uzlaşmasını həyata keçirən bir prosesdir. Belə ki, prosesi həyata keçirən şəxs – mediator nə hökm verən hakim, nə də arbitrdir. O, tərəflərin konsensusa gəlməsinə nail olan vasitəçidir və tamamilə neytral mövqe tutmaqla mübahisə tərəflərinin problemi məhkəməyə çıxarmadan qarşılıqlı razılıq əsasında həll etmələri üçün münbit şərait yaratmalıdır. Mediasiya institutunun məhkəmədən fərqi də elə bundadır. Onların arasında mövcud olan fərqlərin bir qismini aşağıdakı kimi sıralamaq olar:
• Mediasiya mübahisə tərəflərinin vaxta və pula qənaət etməsinə kömək edir;
• Mediasiya prosesinin təşkilini, qaydalarını, məzmununu mübahisə tərəfləri müəyyən edirlər;
• Mediasiya mübahisə tərəflərindən kimin haqlı, kimin günahkar olduğunu deyil, problemin həll yollarının konstruktiv axtarışına yönəlir;
• Mediasiya prosesi məxfi proses olduğundan mübahisə tərəflərinin şəxsi maraqları tam şəkildə qorunur və onların gələcəkdə də əvvəlki yaxşı münasibətləri davam etdirmələrinə imkan yaradır;
• Mediasiya mübahisə tərəflərinə irəliyə baxmağa və problemin həllində yaradıcılıqlarından istifadə etməyə imkan verir;
• Mediasiya prosesində qərar verən tərəf üçüncü şəxs deyil, mübahisə tərəfləridir ki, bu da çox önəmli məqamdır.
Beləliklə, yuxarıda sadalananları konkretləşdirsək, mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həllinə çalışır və onun məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, mübahisənin tərəfləri razı salacaq şəkildə həllini təmin etməkdir. Uğurla başa çatacağı təqdirdə mediasiya prosesində nə qalib, də məğlub tərəf olur. Mübahisədə olan bütün tərəflər udur.
Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı, heç şübhəsiz, dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişafı ilə regionun lider ölkəsinə çevrilmiş Azərbaycanda mediasiya institutunun yaradılması respublikamızda ədliyyə sisteminin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili istiqamətində atılmış ən mühüm addımlardandır. 29 mart 2019-cu ildə qəbul olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 12 fevral 2020-ci il tarixində “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilməsi, 16 fevral 2020-ci il tarixində isə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması ədliyyə sisteminin inkişafında yeni mərhələ olmaqla yanaşı, bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac vermişdir. Artıq dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair maarifləndirmə işlərinə başlanmış, Ədliyyə Akademiyasında beynəlxalq ekspertlər cəlb olunmaqla mediasiya üzrə təlimçilər hazırlanmış və mediatorluğa namizədlər hazırlıq kursları keçməklə sertifikat əldə etmişlər.
Təcrübə göstərir ki, mediasiya qarşılıqlı razılığa gəlinməsi institutu kimi, adətən, dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha yaxşı təşəkkül tapır, daha yaxşı inkişaf edir. Azərbaycan isə hələ qədim dövrlərdən dialoqun, tolerantlığın yüksək inkişaf etdiyi ərazidir. Buna görə də ölkəmizdə mübahisələrin məhkəməyə qədər həll olunması imkanları çox böyükdür. Digər tərəfdən, əksər sahə mütəxəssislərinin fikrincə, müasir mediasiya hüquq sistemində “nou-hau” olmaqla yanaşı, həm də bütün hüquqi cəmiyyətlərin gələcəyinin institutudur. Bu səbəbdən ona bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib institut, bir növ, sosial sifariş kimi baxılmalıdır. Müstəqilliyin bərpasından sonra Azərbaycanın ədliyyə sistemində həyata keçirilən islahatlara, qazanılmış təcrübəyə əsaslanaraq əminliklə deyə bilərik ki, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində bu sosial sifarişin təmin olunmasına başlanmışdır.
Mediator: Ülkər Zülfüqarova