Dekabr ayının 10-da Zəfər paradının keçirilməsinin bir ili tamam olur. Həmin parad Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış bir hadisədir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında üç min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti R.T. Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Zəfər paradına Şuşa şəhəri azad edildikdən sonra hərbiçilərimiz tərəfindən şəhər üzərində qaldırılmış bayrağ da gətirilmişdir.
Zəfər paradında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”.
Azərbaycan və Türkiyə dövlət başçılarının paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi dəyərləndirilməlidir. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici bir hadisə idi. Bütünlükdə ölkəmizin yaşayış məntəqələri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdir ki, bu da xalqlarımızın mənəvi birliyinin göstəricisidir.
Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, hənçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş etdirilmişdir.
Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözlədi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü göstərdi. Ordumuzda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdıb, öz missiyamızı başa vurmalıyıq.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı və torpaqlarını işğaldan azad etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi. Ermənistan ordusu həm dəmənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Müharibə başlayan andan sonunadək Türkiyə rəsmilərinin Azərbaycanın haqq işinə dəstəyi ədalət savaşında tək olmadığımızı göstərdi və dünya birliyinə yeni bir qardaşlıq nümunəsi təqdim olundu.
Vətən müharibəsi Zəfərlə sona çatdıqdan sonra əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı. Bu məqsədlə Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Eyni zamanda, qələbəmizi əbədiləşdirmək üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılması nəzərdə tutulmuşdur. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olmuşdur. Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır.
44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var.
İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüş, ölkədə siyasi sabitlik və vətəndaş birliyi təmin edilmişdi. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılmışdı.
Azərbaycanın inkişafı bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf və iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmayacaqdı.
Aytən Şükürlü
Nərimanov rayonunun fəal gənci