Xəbər verildiyi kimi, ötən gün “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin nəticəsi açıqlanıb. Həmin səhm paketinin əldə edilməsi üzrə müsabiqənin qalibi “Tabaterra Leaf” QSC adlı şirkətdir.
Şirkət səhm paketi üçün 17 milyon 281 min 464 min manat ödəməlidir, habelə daha 6.3 milyon manat dövlət büdcəsinə ödəyəcək və ümumi həcmi 8 milyon manatdan az olmamaqla investisiya proqramını təqdim edəcək.
“Azərtütün” ASC vaxtilə Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına yaradılmış “İnter Tobaco” MMC tütün istehsalı və emalı müəssisəsinin əsasında 2018-ci ildə yaradılıb. “İnter Tobaco” MMC-nin əmlakı-1 tütün emalı zavodu və 4 tütün qurutma məntəqəsi götürülmüş kreditlərin əvəzində Beynəlxalq Banka girov qoyulmuşdu. Sonradan həmin kreditlər qaytarılmadığı üçün girov əmlak bankın kreditləri hesabına yaradılmış digər biznes aktivləri kimi “Aqrarkredit” QSC-yə (2015-ci ildə yaradılıb və Beynəlxalq Bankın toksik aktivləri bu səhmdar cəmiyyətin balansına verilib,-red.) verilmişdi.
“Azərtütün” ASC bu ilin aprel ayında prezidentin sərəncamı ilə özəlləşdirməyə açılıb. Sərəncamda deyilirdi ki, cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə ilə həyata keçiriləcək, özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək. Səhmlərin satışı üzrə investisiya müsabiqəsi isə bu ilin oktyabrında elan olunmuşdu.
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC -nin nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manat qiymətləndirilib. Onun balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.
Bəs “Azərtütün ASK”-nın 85 faizlik səhm paketini alan şirkət barədə nə məlumdur?
“Tabaterra Leaf” QSC bu ilin aprel ayının 24-də (təsadüfən “Azərtütün”ün özəlləşdirməyə açıldığı vaxtlarda) dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkət həmin ildə də Sumqayıt Kimya Sənaye Parkında rezidentir və tütün məmulatları istehsalı fabrikini açıb. “Tabaterra” fabrikində 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilir. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır. Fabrikin açılışı zamanı deyilirdi ki, “Tabaterra” ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcək gücdədir.
“Tabaterra Leaf” şirkətinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş Elman Bəşir oğlu Cavanşir “Avromed” şirkətinin rəhbəri, deputat, adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalına (onun və ailə üzvlərinin çoxmilyonluq bank hesablarına həbs qoyulub,-red.) görə son zamanlar gündəmə gələn Cavanşir Feyziyevin qardaşı oğludur. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi. Elman Cavanşir deputat Feyziyevin çoxşaxəli biznes imperiyasını idarə edənlərdən biridir.
Qeyd edək ki, “İnter Tobaco” şirkətinə Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə başçılıq edirdi. Hidayətzadə “Beynəlxalq Bank işi” üzrə fiqurantlardan biri olub və kreditlərin mənimsənilməsində təqsirli bilinərək 2016-cı ildə 5 il 6 ay həbs cəzası alıb. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb.
İ.Hidayətzadə mənimsəmə ittihamlarını qəbul etmirdi və deyirdi ki, “Inter Tobacco”ya rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankdan cəmi 37 milyon dollar kredit götürüb. Və həmin vəsait təyinatı üzrə xərclənib, 1 tütün zavodu, 4 məntəqə yaradılıb.
“Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz “Inter Tobacco”ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavodu və məntəqələri bank 90 milyon dollar qiymətləndirmişdi”, - Hidayətzadə belə deyirdi. (virtualaz.org)