Fövqəladə Hallaq naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "GP Alpha Greenhouse” MMC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Azər Montaj” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi podrat müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
"GP Alpha Greenhosue” MMC 2016-cı ildə 50 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Maşallah Saleh oğlu olub. 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Bununla da qanuni təmsilçi dəyişib. İndi şirkətin qanuni təmsilçisi Ələkbərov Tural Nəriman oğludur.
"GP Alpha Greenhouse” MMC kənd təsərrüfatı sektorunda öz fəaliyyətini 2017-ci ildə Azərbaycan Respublikası Salyan rayonu yaxınlığında yerləşən Kürsəngi kəndində 5 hektar ərazidə istixananın tikintisi ilə başlayıb. İstixanaların layihələşdirilməsi və tikilməsi "Gilan İnşaat” MMC tərəfindən həyata keçirilib.
Şirkətin "Gilan Holdinq”ə daxil olduğu deyilir. Sözügedən holdinqin isə Kəmaləddin Heydərova məxsus olduğu sirr deyil. Bəzi iddialara görə, holdinq artıq Fövqəladə Hallar nazirindən alınıb. Amma bu məlumatlar hələ təsdiqini tapmayıb.