Tanınmış müğənni, "Lalə" qızlar ansamblının ilk solistlərindən biri - Elmira Əliyevanın səhhətində problemlər yaranıb. Hazırda xəstəxanada olan müğənni mətbuata açıqlamasında müğənni Tacir Şahmalıoğlunun da adını çəkib:
"Belə yaşamaqdansa, ölmək daha qeyrətlidir. Heç kimdən kömək görmürəm, artıq gözləmirəm də. Sağ olsun, bir dəfə Tacir Şahmalıoğlu gəlib yaşayışımla maraqlanmışdı. Demişdi ki, 18 ailəyə köməklik edirəm, yoxsa sənə baxardım".
Bununla bağlı Qaynarinfo-ya müsahibə verən müğənni Tacir Şahmalıoğlu illər öncə də Elmira Əliyevanın vəziyyətinin pis olduğunu dedi:
- Bir neçə il bundan əvvəl Elmira Əliyevanın vəziyyəti çox pis idi. Ailəsində problemlər vardı, oğlu da xəstə idi. Biz də pay alıb onu görməyə getdik. Görüşəndə pis oldum, xanımın vəziyyəti həqiqətən pis idi. Həmin vaxt mənim özümün də evim yox idi, kirayədə qalırdım. 15-16 ailə öhdəmdə idi, hamısına mən baxırdım. Arvada baxdım-baxdım, ürəyim yandı, dedim ki, kaş imkanım olaydı, səni aparıb saxlayaydım. Bunu elə ürəyim istəyir ki... Həqiqətən də bunu ürəkdən dedim. Amma heç cür imkanlaşdıra bilmirdim. Həmin vaxt doğrudan da imkanım yox idi. Yoxsa mən onu aparıb evimdə ailə üzvüm kimi saxlayacaqdım. Mən bunu nəyinsə qarşılığında deyil, Allah yolunda etmişəm. Bunu başqaları kimi reklam da etmədim. Kiməsə nəsə etdiyimi reklam etməyi sevmirəm. Mən nəsə əl uzadanda onu Allah yolunda edirəm.
- İmkansız adamlar görəndə ona əl tutursunuz?
- Bəli, tək Elmira xanım deyildi ki... Əlsiz, imkansız adamlara imkan çatan səviyyədə əl tuturam. İndi gəlmişəm Moskvaya, burdan da kimisə görəndə yenə də əl tuturam.
- Son aylarda müğənnilərin böyük əksəriyyətinin səsi-sorağı Rusiyadan, əsasən də Moskvadan gəlir. Baxıram ki, siz də ordasınız. Yəqin ki, bu qədər sənət adamlarını Bakıdan Rusiyaya getməyə vadar edən səbəblər var?
- Pandemiya ilə əlaqədar Rusiyadayam. Hələ bir neçə ay burda olacağam. Azərbaycanda da toylar keçirilir, amma hər müğənninin özünün çevrəsi var. Mənim də onlar kimi öz çevrəm, xərclərim və görməli işlərim var. Pandemiyadır, camaatda pul yoxdur. Camaatı da qınamalı deyil, pandemiya oldu, vəziyyət ağırlaşdı, insanlar pulsuzlaşdı. Toylardan dəvət alanda mənim yaralarımı sağaldacaq pulu deyəndə onu verə bilmirlər. Toylar çox olsa da, 5-10 manat mənim yaramı sağaltmır. Mən onunla heç nə edə bilmirəm. Ona görə də Bakıdan Moskvaya gəldim.
- Moskvaya səfərlərinizi kim təşkil edir?
- Rusiyada dostlarımız var. Allah onların canını sağ eləsin. Tək Moskva deyil, Rusiyanın əksər yerində dostlarımızın sayəsində dəvətlər alırıq. Onlar zəng elədi ki, nə oturmusan Bakıda, dur gəl Moskvaya. Həm qonaq kimi yeyib-içək, həm də çoxlu toylar var, hamısı da toyda səni görmək istəyir. Mən də gəldim. Baxıram ki, qazanıram, Allaha and olsun, yenə də bir əlim Azərbaycandadır. Mənə də ehtiyacı olanlar var, zəng edib pul istəyir, mən də imkan daxilində göndərirəm, əl tuturam. Nə qədər ki, canımda can var, yenə də göndərəcəyəm, neynəmək olar. Peyğəmbərimiz buyurub ki, 100 manat qazandın, 1-ni kasıba ver. Bu bizim yaşayış tərzimizdə, müsəlmanın qanında, canındadır. Burda da imkansız adamlar var, deyirlər, kömək edirik. Allahın qanunlarından çıxmaq olmaz, mən də çalışıram ki, ona əməl edim.