"Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq".
Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib: "Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".
S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babalarının adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər: "Valideyn müraciət edir ki, uşağın babasının birinin adı Sərhəd, digərinin adı Mazan olduğu üçün bu adların ikisini də övladına qoymağı düşünür. Təbii ki, dilimizin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adların qaydalara zidd olması onların diqqətinə çatdırılır".
"Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılması şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sairə şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir" - professor əlavə edib.