Müasir türk tarixinin ən dramatik tərəfi Balkanlarla Anadolu arasındakı əlaqənin qırılması və Mesopotamiyada geriləməsidir...
Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 11 noyabr 2021-ci il
İran qədim tarixindən başlayaraq Qərbə doğru davamlı bir canlanma nümayiş etdirib. Səbəb isə Şərqi Aralıq dənizinin zənginliklərinə sahib olmaq olub. Yunan-fars müharibələri kimi tanınan müqavimətlər bu zəncirin ilk həlqəsidir. Roma dövründə tarixən Roma-Sasani müharibələri kimi tanınan və nəticədə hər iki tərəfi məhv edən bir sıra müharibələrə də rast gəlirik. Nəhayət, Osmanlı-Səfəvi müharibəsi və ondan sonra baş verən bir çox Osmanlı-İran müharibələri zəncirə yeni halqalar əlavə etdi. Zaman keçdikcə İranın yunan torpağı kimi tanınan bir coğrafiyaya hakim ola bilməyəcəyi aydın oldu.
Diyar-ı Fars və Diyar-ı Rum arasında hər zaman tarixi keçilməzlik dinamikası işləmişdir. Qəsr-i Şirin (1639) də XVII əsrin ortalarına doğru iki tərəfin qüvvələrinin bu həqiqəti birgə təqdim etməsini ifadə edir. Türkiyə-İran sərhədi, fikrimcə, tarixin ən orijinal sərhədlərindən biridir. Qonşu olmaq və 400 ildən artıq döyüşməmək, yəni bu cür türk-fars sülhü diqqətəlayiq bir inkişafdır. Sərhədin bu tərəfində İranın dini ideologiyasına bağlı olan önəmli bir türk kütləsi, o biri tərəfdə isə milyonlarla türk soylu birliklərin olmasına baxmayaraq, bu sülh bu günə qədər davam edə bilib.
Məlumdur ki, türk-fars münasibətlərində ən qızğın münaqişə bölgələri Mesopotamiya (İraq) və Qafqaz olub. İraq bir növ türklərlə farsların arasında qalmaq deməkdir. Qafqaza şimaldan başqa bir gücün - Rusiyanın müdaxiləsi isə mənzərəni xeyli dəyişib.
Müasir türk tarixinin ən dramatik tərəfi Balkanlarla Anadolu arasındakı əlaqənin qırılması və Mesopotamiyada geriləməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə-İran sərhədi artıq bağlıdır. Rusiya isə 18 və 19-cu əsrlərdə Krımı işğal etməklə Şimali Qara dənizdəki türk təsirini aradan qaldırdı, Qafqazda həm Türkiyəni, həm də İranı geri çəkərək tam hökmranlığını təmin etdi.
Cənuba gəlsək, İngiltərə və Fransanın təsiri ilə yüksələn ərəb millətçiliyi Türkiyəni Anadoluya sıxışdırdı. Amma deyə bilərik ki, ən dramatik proses Balkanlarda baş verib. Habsburq, Prussiya və Rusiya genişlənməsi Balkanlarda Osmanlı birliyinə və sülhə son qoydu və bu təsirlər altında mövcud olan çoxlu sayda nominal müstəqil, lakin mahiyyət etibarilə asılı dövlətlərin yaranmasına səbəb oldu.
Bu tarixi xatırlatmalardan sonra bu günə, Soyuq Müharibədən sonrakı dünyamıza və bu coğrafiyalarda baş verənlərə qayıdaq. Davamlı və fərqləndirici olan nədir? Qafqazdan başlayaq: Qafqaz yenidən türk-fars və rus gərginliyinin mərkəzinə çevrilib. İran Ermənistan vasitəsilə kart açıb və uduzub. Ola bilsin ki, Rusiya da bu kartı oynayacaq və Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı mövqe tutacaq. Rusiya çox fərqli siyasət yeritdi və İranı boşluqda qoydu. İranlılar indi dönüb çıxış yolu axtarırlar. Yaxın gələcəkdə Qafqaz ya Azərbaycan, Ermənistan və Gürcüstanın əlavə edilməsi ilə Türkiyə-İran-Rusiya arasında sülh hövzəsinə çevriləcək, ya da yeni münaqişələrə səhnə olacaq.
Qara dənizdə Ukraynanı itirən Rusiya Krımı yenidən işğal etməklə güclü bir geosiyasi gediş etdi. Türkiyə isə Ukraynanı özü ilə apararaq bunu balanslaşdırmağa çalışır. Qara dənizdə Türkiyə-Ukrayna ittifaqı ilə Rusiya arasında gərginlik davam edir və bunun hara doğru inkişaf edəcəyi hələ bəlli deyil. Nə vaxt və necə olduğunu bilmirəm, amma bu gərginliyi Türkiyə-Rusiya düşüncəsi ilə həll etmək son dərəcə həyati bir missiyadır. Yoxsa bu dənizdə güc toplayan NATO-nun daha rahat hərəkət edəcəyi bir qeyri-sabitlik hökm sürəcək.
Cənuba baxdıqda İraqda yenidən Türkiyə-İran gərginliyi yaşanır. Suriyada isə İran-Rusiya əməkdaşlığının hədəfi regionla ilə məşğul olan Türkiyədir. Hazırda İsrailin dəstəyi ilə yüksələn ərəb millətçiliyi həm Türkiyəni, həm də İranı dəf etməyə çalışır. İsrailin təzyiqini görən Rusiyanın bu küləyi necə qarşılayacağını zaman göstərəcək. Türkiyə ilə İran arasındakı gərginlik, şübhəsiz ki, İsrailin əlini gücləndirən bir dinamikadır.
Aİ-ni özü ilə aparan ABŞ Baltikyanı ərazidən Kritə doğru bir zəncir çəkib. Qara dənizdə Rusiyaya yüklənir, Ukraynanı çaşdırır. Rusiya isə buna Bosniyadakı serb millətçiliyini qızışdırmaqla cavab verib. Bu həm ABŞ, həm də keçmiş Prussiya Almaniyası üçün qorxuludur, lakin birbaşa müsəlman bosniyalılarla məşğul olduğu üçün Türkiyəni də prosesə cəlb edir.
Bütün bunlardan nə çıxır? Soçi və Astana kimi kövrək platformalar qorunub möhkəmləndirilə bilinməsə, ABŞ, Çin, İngiltərə, Fransa və hətta Almaniya kimi xarici güclərə yer ayrılacaq. Ukraynadakı Rusiya-Türkiyə gərginliyi Ukraynanı NATO-ya sürükləyəcək. Eyni şəkildə İraqda artan Türkiyə-İran gərginliyi ABŞ və yeni ərəb millətçiliyi vasitəsilə İraqın İsrailin təsiri altına düşməsinə səbəb olacaq. Bu coğrafiyada regional güclər arasında rəqabət və qarşıdurmalar türklərin, iranlıların və rusların ortaq itkisi mənasına gəlir.