Bu gecə dünyasını dəyişən "Azərxalça" ASC-nin rəhbəri Vidadi Muradovun həbsinin detalları haqda bilgi əldə etmişik.
Vidadi Muradov 2015-ci ilə qədər uğurlu bizmesmen olub. Yaratdığı xalça biznesindən böyük gəlirlər əldə edib. "Azər-İlmə" MMC-ni yaratmaqla biznesini ölkə xaricində də tanıda bilib.
Xalçaçılıqla bağlı 20-dən çox kitabın müəllifi olan Vidadi Muradov professor elmi adını da ala bilib. Pula ehtiyacı olmayan Vidadi Muradov 2015-ci ildə "Azərxalça" ASC-yə rəhbər təyin ediləndən sonra problemləri başlayıb. Xüsusən ASC-yə Sumqayıtda zavod tikintisi, rayonlarda 20-yə yaxın xalça sexinin inşası Vidadi Muradovu sonradan həbsə aparıb.
Mənbə bildirib ki, Vidadi Muradov tikinti işlərinə qarışmayıb, bu sahəyə ayrılan böyük vəsaitlərin hesabatını tələb etməyib. Onun tikinti sahəsinə nəzarət etməməsi tikinti aparan şirkətlərə pozuntular üçün böyük imkanlar yaradıb. Nəticədə tikinti aparan klanların maraqları, onların dövlət qurumlarındakı kuratorlarının arasındakı rəqabətdən doğan mübahisənin qurbanı olub.
Özü həbsə getməklə biznesindən əldə etdiyi varidatı, xüsusilə böyük sərmayə qoyub yaratdığı "Azər-İlmə" MMC əlindən alınıb. Həbsdə olduğu müddətdə baş verənlərdən təsirlənən məmura çevrilmiş biznesmenin sağlamlığında ciddi problemlər yaranıb. Noyabrın 1-də sağlıq durumunun kəskin pisləşməsi səbəbi ilə ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə o, dünyasını dəyişib.
Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilmişdi. İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə "Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. (Qaynarinfo)