Azərbaycan ilk dəfə olaraq bu il Dövlət bayrağı gününü təntənəli şəkildə, böyük coşqu ilə bayram edəcəkdir. Çünki ölkəmiz torpaqlarını Ermənistanın silahlı qüvvələrinin işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmişdir. Məhz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram qeyri-iş günüdür.
Tarixə ekskursiya etsək görərik ki, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlıdır. AXC-nin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. AXC-nin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin bariz nümunəsidir.
Yetmiş ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MR-in dövlət bayrağı kimitəsdiq edilmişdir. Daha sonra Naxçıvan MR-in Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan MR-in üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza doğru istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Belə ki, 2004-cü il iyun ayının 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurəsinin ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Bayrağın müqəddəsliyi haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bayrağa olan hörmətini və sevgisini dilə gətirərək belə demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”.