"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yoxlamalar aparır, keçmiş rəhbərliyin dövründə bir sıra neqativ hallara yol verildiyi açıqlanıb”.
MilliYol.Az xəbər verir ki, bunu AMEA-nın prezidenti Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında deyib. O bildirib ki, ciddi nöqsanların sayı həddən artıq çoxdur: "Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər. Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib və institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.
R. Mehdiyev son vaxtlarda Akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində yoxlama işlərinin aparıldığı barədə məlumat verib. Qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.
Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və Bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə Bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib.Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin
xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.
Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib: "Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, Akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”.
AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq mühafizə orqanlarına müraciətin nəzərdə tutulduğunu diqqətə çatdırıb.