Xəbər verdiyimiz kimi, 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya aktının elan edilməsi nəzərdə tutulur.
Amnistiya aktının həbsdəki bəzi sabiq məmurlara da şamil olunacağı ilə bağlı Qaynarinfo-ya məlumat daxil olub.
Bildirilir ki, bu ilin fevral ayında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan nazirliyin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) də bu siyahıda yer ala bilər.
Amnistiya aktının digər həbs edilən sabiq məmurlara da şamil olunması istisna edilmir.
Məsələ ilə bağlı Əjdər Olun yaxınları Qaynarinfo-ya bildirib ki, onlar da qarşıdakı günlərdə bu sevincdirici xəbəri gözləyirlər. Amma Əjdər Olun 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya aktına düşüb-düşməyəcəyini dəqiq bilmirlər.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub. O, keçmiş nazir Səlim Müslümovla eyni cinayət işi üzrə təqsirləndirilir. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.