Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan Milli Məclisinin deputatı, biznesmen Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.
Agentlik inanır ki, sözü gedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub. OCCPR-ın saytında dərc olunmuş məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülməyib.
Bununla belə, noyabrın 1-də keçirilən mülki məhkəmə dinləməsində NCA sözü gedən pulların Azərbaycanın pulyuyan maşını kimi tanınan sxemdən keçdiyini iddia edən təhlil təqdim edib. Agentliyin ehtimalına görə, bu pulların mənbəyi “qeyri-qanuni” olub, belə ki, vəsait Azərbaycandan onun mənşəyini gizlətmək məqsədi güdən saxta sənədlərdən istifadə və bir neçə “balıqqulağı” şirkətdən istifadə etməklə çıxarılıb.
Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”. 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6.4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır. Məlumata görə bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.
Vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır. Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, belə ki, aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.
Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib. Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib. Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.