Rəna Nəzərova Ukraynanın tanınmış telejurnalisti, ictimai xadimi və siyasətçilərindən biridir. Ukrayna Milli Jurnalistlər Birliyinin üzvüdür. 2002-ci ildən televiziyadadır. Səkkiz il Ukryana Dövlət Televiziyasında bir neçə proqramın və məşhur "Kiyevski Forumu” sosial tok-şousunun müəllifi və aparıcısı, eləcə də eyniadlı ictimai təşkilatın rəhbəri, Kiyev Şəhər Şurasının deputatı olub. Rəna Nəzərova bu gün Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır.
Nəzərova kimdir?
Rəna Nəzərova 1983-cü il mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə doğulub. Atası Rafiq Nəzərov azərbaycanlı, anası isə ukraynalıdır.
2006-cı ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakültəsini bitirib. Eyni zamanda, sözügedən ali məktəbin magistraturasında oxuyub.
Jurnalistika fəaliyyəti
2004-cü ildən Ukraynada televiziya sahəsində işləyir. Ukraynanın dövlət televiziyasında "Kiyev vaxtı ilə”, "Əslində”, "Fərqli baxış” və s. kimi proqramların aparıcısıdır.
2009-cu ildə "Perşoy Xromadski” qəzetinin baş redaktoru təyin edilib.
2012-2013-cü illərdə "Kiyevski Forum” qəzetinin baş redaktoru vəzifəsini yerinə yetirib.
2007-2014-cü illərdə əvvəlcə Kiyev Dövlət Televiziyası və Radiosunda (KQTRK), daha sonra isə ZIK telekanlında "Kiyev Forumu” adlı sosial layihənin müəllifi və aparıcısı olub.
Siyasi təzyiqlər
"Kiyev Forumu” paytaxt sakinlərinin - kiyevlilərin aktual problemlərini işıqlandırır, bu məsələlərin həllinə öz töhfəsini verir. Forumun qonaqları arasında ukraynalı siyasətçilər, rəsmi şəxslər, hakimiyyət orqanlarının nümayəndələri, Kiyev Şurasının deputatları, ictimai təşkilatların nümayəndələri, jurnalistlər və ictimai fəallar var. "Kiyev Forumu”nun əsas mövzuları qanunsuz tikililər, mənzil problemləri, yaşıllıqların məhv edilməsi, mənzil-kommunal təsərrüfatında islahatlar, nəqliyyat problemi, tarif siyasəti, tibbi xidmətin keyfiyyəti, paytaxtda seçkilər və sairdir.
Rəna Nəzərovanın televiziya şousu dəfələrlə siyasi motivlərlə bağlanmağa cəhd edilib. Amma o, belə təzyiqlər qarşısında Kiyev sakinlərindən dəstək alıb. Forumun şüarı belədir: "Şəhərimizin taleyi yalnız öz əlimizdədir”.
Kiyev Forumu media layihəsi televiziya şousunu, internet saytı, eyniadlı qəzeti və ictimai təşkilatı birləşdirir. Layihə kommersiya xarakterli deyil, ictimai təşkilatın hesabına fəaliyyət göstərir.
Yüksək vəzifədə
Rəna Nəzərova 2012-ci ilin oktyabrında Kiyevin 222 saylı seçki dairəsindən Ukrayna Ali Radasının deputatlığına namizəd olub. Seçkiləri 25 faiz səslə 2-ci yerdə başa vurub.
2014-cü ilin mayında keçmiş boksçu və siyasətçi Vitali Kliçkonun "Udar” Partiyasından Kiyev Şəhər Şurasının VII çağırış deputatı seçilib.
Rəna Nəzərova Kiyevdə ictimai televiziyanın (STK) yaradılmasının təşəbbüskarı olub. Cəmiyyətdən bu yöndə dəstək aldıqdan sonra Kiyev meri Vitali Kliçko və Kiyev Şəhər Şurasının deputatlarına "Kiyev” kommunal televiziya şirkətinin bazasında STK yaratmaq üçün müraciət edib.
Rəna Nəzərova 2014-cü il iyunun 19-da Kiyev Şəhər Şurasının plenar iclasında sözügedən qurumun informasiya siyasəti və reklam komissiyasının katibi seçilib.
Şəxsi həyatı
Rəna Nəzərova evlidir. Həyat yoldaşı Ukraynanın tanınmış siyasətçisi Yuri Zbitnevdir. Eyni zamanda, Yuri Zbitnev biznesmendir. O, hazırda Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və "Yeni güc” Partiyasının rəhbəridir.
Mənbə: Teleqraf.com