Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.
MilliYol.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.
Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.
***
Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişafı, yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından uğurlu nəticələr verib. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməyə başlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.
Bildirildi ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.
***
Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.
***
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.
Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verildi.
Qeyd edildi ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verildi.
Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etdi.