“Rövşən Əkbərovun cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilib”.
Bu sözləri “Kriminalqafqaz”a açıqlamasında Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev deyib.
O, R.Əkbərovun həbsinin qərəzli olmasına dair məhkəmədə səsləndirdiyi fikirlərlə razı olmadığını bildirib:
“Həmin cinayət işinin istintaqı Baş Prokurorluqda aparılıb. Mən hərbi prokuror olmamışdan qabaq o işin istintaqı bir müddət Hərbi Prokurorluqda olub. Amma sonra keçmiş baş prokuror Zakir Qaralovun vaxtında iş Baş Prokurorluq tərəfindən götürülüb. Səbəbini mən də bilmirəm. İstintaq başa çatdıqdan sonra məhkəməyə verilib və məhkum olunub”.
Xanlar Vəliyev Milli Qəhrəman Rövşən Əkbərovun rütbəsi və fəxri adlarının alınması ilə bağlı məsələnin məhkəmənin səlahiyyətində olduğun bildirib:
“Az da olsa istintaq dövründən xəbərim var. Çox nadir hallarda bu ranqda olan şəxslər qəsdən adam öldürdüyünü etiraf edir. Mən onun məhkəmədə səsləndirdiyi fikirlərlə razı deyiləm. Rövşən Əkbərovun bu cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirilib və məhkəmədə də bu təsdiq olunub. Orada şahidlər də olub və onun nə etdiyini də deyiblər”.
Xatırladaq ki, ötən həftə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mili Qəhrəman, general-leytenant Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Sabiq birlik komandiri 2001-ci ildə Ukraynada iş adamı Elçin Əliyevi hərbi xəncərlə vuraraq öldürməkdə ittiham olunur.