Cari ilin 26 oktyabr tarixində Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində geniş nitq söyləmişdir. Onun toxunduğu məsələlərdən birincisi strateji tərəfdaşlığın perspektivi ilə bağlı fikirləri olmuşdur. Ali Baş komandan bildirmişdir ki, “2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır”.
Bildiyiniz kimi, 2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olduğunu bir daha sübut etdi. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Həmin hava limanının inşasında Azərbaycanın və Türkiyənin şirkətləri iştirak etmişlər. Həmişə olduğu kimi, yenə də bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq və bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir.
Biz böyük gücə çevrilmiş bir birlikik. Belə ki, Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Biz bu tarixi birlikdə yazırıq. Məlumdur ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Bu Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc demək idi.
Bu gün Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya bir mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bizim birliyimiz sarsılmaz və əbədidir.
Hazırda Türk Şurası təsirli bir beynəlxalq təsisatdır. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcəkdir. Bu isə öz növbəsində Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrini daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaqdır.
Azərbaycan Prezidenti dəfələlərlə qeyd etmişdir ki, Zəngəzur dəhlizi böyük strateji əhəmiyyətə malikdir. Çünki Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcəkdir. Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəyinə inanırıq. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə çatacaqdır.
Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcəkdir. Azərbaycan Türkiyə birliyi sarsılmazdır.
Aytən Süleymanova
Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, rayonun fəal gənci