Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.
MilliYol.Az xəbər verir ki, Bastrıkin biznesmenin Monteneqrodan Moskvaya ekstradisiya olunmamasının səbəblərini araşdırmağı tapşırıb.
“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Telman İsmayılovun ekstradisiya olunmaması fonunda beynəlxalq hüquq idarəsi ilə Rusiya XİN-nin birlikdə şübhəli şəxsin ekstradisiya olunmama səbəblərini araşdırmağı və bundan sonra hesabat hazırlamağı göstəriş verib”, deyə rəsmi məlumatda deyilir.
Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.
Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.
Telman İsmayılovun vəkili isə yerli “Vijesti” nəşrinə bildirib ki, məşhur azərbaycanlı biznesmen artıq Monteneqroda siyasi sığınacaq alıb.
Nəşrin yazdığına görə, T.İsmayılov artıq istintaq təcridxanasından buraxılıb.