ABŞ-da prezident seçkilərindən 3 həftə keçsə də, seçki müzakirələri bitmək bilmir. Seçkilərin nəticələri artıq məlum olsa da, proses ətrafında mübahisələr davam edir. Virtualaz.org saytının məlumatına görə, seçkilərin üçüncü iştirakçısı, Yaşıllar Partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib.
Doğrudur, Yaşıllar Partiyasının namizədinin aldığı səslər nəticələrə təsir edəcək gücdə deyil, ancaq iddialara görə, onun qaldırdığı iddia seçkilərin nəticələrinə təsir edə bilər. Saytın yazdığına görə, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq.
Bundan başqa Viskinsonla yanaşı Miçiqan və Pensilvaniyada da “statistik anomaliyalarla bağlı” səslərin yenidən sayılması tələb olunur. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa, Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq. Məqalədə belə deyilir. Artıq Hillari Klintonun qərargahı Viskinsonda səslərin təzədən sayılmasında iştirak edəcəyini açıqlayıb. Klintonun seçki kampaniyasının baş müşaviri Mark Elias deyib ki, onlar kənar ekspertlərlə birlikdə seçki nəticələrini yenidən nəzərdən keçirirlər.
Yaşıllar Partiyasının namizədi, xanım Cill Steyn Stein iddia edib ki, sözügedən 3 ştatda Trampın qələbəsini kompüter hakerləri təmin ediblər. Bundan əvvəl ABŞ rəsmiləri Rusiya hakerlərinin ABŞ seçkisini hədəflədiyi barəfə narahatlıq ifadə etmişdilər. Steyn iddia edir ki, Viskonsində səslərin elektron cihazlar tərəfindən hesablandığı məntəqələrdə Trampın, bülletenlərin dədə-baba qaydası ilə əllə sayıldığı dairələrdə isə Klintonun qalib gəlməsi təsadüfi deyil.
Həftəsonu yayılmış bəyanatında Viskonsin Seçki Komissiyası bildirib səslərin yenidən sayılması üçün Yaşıllar Partiyasından başqa bir qrup da petisiya verib.
ABŞ seçkilərində sonuncu dəfə səslərin yenidən sayılması 2004-cü il prezident seçkilərində Florida ştatında baş vermişdi.
Həmin ştatda demokratların namizədi Albert Qorla respublikaçıların namizədi Corc Buş arasında səs fərqi çox cüzi idi, səslərin yenidən sayılması Buşun cüzi üstünlüyünü ortaya çıxardı. Həmin vaxt dekabrın sonlarına qədər yeni prezident rəsmən elan edilməmişdi. Çünki Florida ştatında nəticələr dəyişsəydi, seçkilərin qalibi Albert Qor olacaqdı.
Qeyd edək ki, hazırkı nəticələrə əsasən Donald Tramp 30 ştatda qalibdir və onun seçilmiş nümayəndələrinin sayı 306 nəfərdir. Demokrat namizəd Hillari Klinton isə Vaşinqton Federal Mahalı və 20 ştatda qalibdir. Xanım Klintonun 232 təmsilçisi seçilib. Yəni arada 74 namizəd fərqi var. Ancaq əgər saxtalaşdırma faktı təsdiqini taparsa və nəticələr Klintonun xeyrinə dəyişərsə, o zaman seçkinin ümumi nəticəsinin dəyişməsi ehtimalı yüksəlir.
Məsələ ondadır ki, Viskinson ştatında seçkilərdə 10 seçici agenti seçilir. Uzun illər bu ştatda demokratlar qalib olsa da, bu dəfə respublikaçılar qalib gəliblər. İkinci mübahisəli ştat Miçiqandır. Bu ştatda seçkilər zamanı 16 nümayəndə seçilir.
Bu ştatda da uzun illər demokratlar qalib gəlsələr də, bu seçkilərdə respublikaçılar qazanıb. 3-cü mübahisəli ştat isə Pensilvaniyadır. Pensilvaniyanın 20 seçici təmsilçisi seçmək hüququ var. Bu ştatda da uzun illərdən sonra 2016 seçkilərində respublikaçılar qalib gəlib. Göründüyü kimi, saxtakarlıq iddiası ilk baxışdan şübhələri doğruldan, mübahisəli ştatlarla bağlıdır. Çünki həm daha əvvəl seçkilərdə bu ştatlar demokrat namizədi seçib, ikincisi də ortada faiz fərqləri cüzidir.
Beləliklə, əgər hər 3 ştatda nəticələr ləğv olunsa və ya xanım Klintonun xeyrinə dəyişsə, o zaman Trampın səsləri 260-a düşəcək, Klintonun səsləri isə əksinə 278 olacaq, yəni faktiki olaraq qalib elan olunmaq üçün yetərli saya çatacaq. Lakin hər nə qədər mübahisəli olsa da, 3 ştatda nəticələrin dəyişməsi real görünmür. Üstəlik bu, yeni şübhələrin və iddiaların ortaya atılmasına, nəticədə prosesin uzanmasına gətirə bilər. Digər tərəfdən, bir və ya iki ştatda nəticənin dəyişməsi belə, indi Klintonun qalib elan olunması üçün yetərli deyil.
Politoloq Hikmət Hacızadə deyir ki, səslərin bir neçə ştatda və ya dairədə sayılması mümkündür, əgər bununla bağlı ciddi arqument ortaya qoyularsa: “Ancaq bunun üçün iddiaçı tərəf ciddi sübutlar ortaya qoyaraq səslərin sayılmasında ciddi problemlər olduğunu təsdiqləməlidir. Ancaq səslərin sayılması ABŞ-ın bütün seçki məntəqələrində deyil, yalnız şikayət olan ştatlarda və ya seçki dairələrində etmək mümkündür. Daha əvvəl belə təcrübələr olub ki, hansısa ştatda və ya seçki dairəsində səslər yenidən sayılıb”.
Ancaq H.Hacızadə deyir ki, indiyə qədər Amerika tarixində səslərin yenidən sayılması nəticəsində əvvəl elan olunmuş qalibin nəticələri ləğv olunub, qalibiyyət digər namizədə verilməsi təcrübəsi olmayıb: “Vəziyyət mürəkkəbdir, səslərin böyük hissəsi məlumdur. İndi bunu demək çətindir ki, yenidən səslərin sayılması ilə bütövlükdə prezident seçkilərinin nəticələri dəyişəcək”. (Yeni Musavat)
MilliYol.Az
Digər xəbərlər
loading...