Bəzən dünyanın siyasi-coğrafi xəritəsi haqqında təsəvvürü olmayanların əksəriyyəti düşünür ki, ölkələr təsadüfən meydana çıxır və qəfildən yox olur. Əgər dünyanın siyasi-coğrafi xəritəsinə diqqətlə baxsaq, bir çox ölkələrin sərhədlərinin xətkeşlə çəkildiyini müşahidə edərik.
Məsələn, Türkiyə kimi böyük bir ölkəni İngiltərə və Fransa çökdürməyə çalışdığı bir zamanda, Rusiya ilə Avropa arasındakı siyasi çəkişmələr səbəbindən (siyasi-coğrafi xəritələrin yenidən bölünməsi fonunda), Rusiya Türkiyəni seçib dəstək oldu. Səbəb aydındır: Rusiyanın maraqları kontekstində Bosfor və Çanaqqala boğazını İngiltərədən daha çox Türkiyənin idarə etməsi uyğun idi. Və ya Rusiya Türkiyəni ələ keçirməyə çalışanda, İngiltərə Türkiyəni seçdi ki, Rusiya Aralıq dənizinə girməsin.
Oxşar ssenarini bu gün Əfqanıstanın geosiyasi funksiyası ilə də görürük. Belə ki, Britaniya kolonyası olmuş Hindistanla Rusiya arasında etnik və məzhəb baxımdan fərqli olan bir Əfqanıstan dövlətinin olması lazım idi. Eyni sözləri Suriya və Belçika haqqında da desək, yanılmarıq. Məhz bu olaylardan sonra İngiltərə ilə Fransa öz aralarında kompromis əldə edə bilmişdilər.
Rusiyanın Avropaya təsir edə bilməsi üçün Ukraynadan bir “divar” (səth) yaratdılar (Qərbin Ukraynaya dəstəyi baxımdan). Rusiya ilə Çin arasında "tampon" rolunu isə Monqolustan oynayır. Əks halda bir neçə milyon monqol belə böyük bir əraziyə sahib ola və ona nəzarət edə bilməzdi.
Tarixdə belə oxşar hadisələrin Ermənistan və Gürcüstanla da baş verdiyini xatırlayırıq.
Belə ki, 1828-ci ildə Türkiyə və Rusiyadakı müsəlmanlar arasında xristian "tampon dövləti" yaratmaq üçün Şimal qonşumuza ermənilərin məskunlaşdığı bir ərazi lazım idi. O dövrdə təxminən əhalisinin 20 faizi erməni olan indiki Ermənistan ərazisinə (Qərbi Azərbaycan) Rusiya tərəfindən İrandan və Türkiyədən ermənilər köçürüldü.
Daha əvvəl - 16-cı əsrdən başayaraq, Osmanlı İmperatorluğu farsların hücumlarının qarşısını almaq məqsədi ilə İranla sərhəd ərazilərə kürdləri yerləşdirirdi (Bu səbəbdən kürdlər bu gün Türkiyənin şərqində daha çoxdur).
Bu gün Zəngəzurda “humanist və sivil” Amerika və Avropa qoşunlarının yaxınlaşmasını deyil, daha çox İranın maraqlarını görürük. Çünki İran üçün Zəngəzur "tampon bölgə" olaraq həyati əhəmiyyət kəsb edir.
Demək istdiyimiz nədir? Xəritəyə baxaq və Ermənistanın mümkün geosiyasi rolunu tapıb üzərində qurulmuş geosiyasi oyunların vacibliyini nəzərə alaq və kənarda qalmayaq.
Telman Qasımov
Hərbi-siyasi ekspert