Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahova həsr olunan sərgi keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbiri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açıb.
“Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib. Onun nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük. Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır.
Bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Tahir Salahovun ailəsinə, Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə görə, bu tədbirin hazırlanmasında iştirak etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların hamısına təşəkkür etmək istəyirəm. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın.
Sizin hamınıza xoşbəxtlik, cansağlığı arzu edirəm, ən xoş diləklərimi bildirirəm. Sağ olun” – Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Tahir Salahovun böyük ictimai xadim olduğunu və gənc rəssamların irəli çəkilməsi üçün çox işlər gördüyünü bildirib: “O incə hissiyyata malik insan, böyük mütəfəkkir idi və tez-tez nəinki rəssamlara, həm də öz dostlarına köməık edirdi”.
Səfiri bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirib.
Tahir Salahovun nəvəsi rəssam Kayxan Salahov böyük ustada həsr edilmiş “Sonsuzluq” adlı videoinstalyasiyanı təqdim edib. K.Salahov qeyd edib ki, bu iş gənc nəslin diqqətini Tahir Salahov yaradıcılığına cəlb etməlidir.
Tədbir iştirakçılarının diqqətinə təqdim edilmiş, “Dialoq” kitabının müəllifi Raya Abbasova söhbətində bildirdi ki, Tahir Salahov ilə onun tanışlığı çoxdan başlamışdı. R.Abbasova dedi: “2000-ci illərin əvvəlində mən ondan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Teymuroviçin 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim. Tahir Teymuroviç haqqında kitab yaratmaq ideyasına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya hədsiz minnətdaram”.