Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
- Fidan xanım, sənət adamlarının Qarabağın ən gözəl, dilbər guşəsi olan Xudafərinə səfərini kimlər təşkil edib?
- Azərbaycan televiziyasının böyük bir layihəsi var. Biz sənət adamları da həmin layihə əsasında Qarabağa səfər etdik.
- Qarabağda hansı bölgədə oldunuz?
- Xudafərində. Qarabağda olmaq mənim kimi hər bir sənətkarın arzusudur. Qarabağ mənim arzularımın zirvəsi idi və buna çatdım, doğma Qarabağımıza ayaq basdım. Şəhidlərin qanı bahasına, müzəffər, rəşadətli Azərbaycan Ordusunun səyləri, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində əldə olunan torpaqlarımızı ziyarət etdim. Biz ora sənət dostlarımızla birlikdə getdik, vətənpərvər əsərlər səsləndirdik. Səhnədə ifalarımıza baxmayaraq, daxildə göz yaşlarımız vardı. Bunlar sevinc göz yaşları idi. Çünki artıq neçə illərdən sonra biz o torpaqları gördük. Hazırda orada bərpa və quruculuq işləri gedir. Yaxın müddət ərzində Qarabağ dünyanın ən gözəl məkanı olacaq. Qarabağ turistlərin gələ biləcəyi məkana çevriləcək. Ora gələnlər görəcək ki, Qarabağın hər bir guşəsi gözəldir, bundan əlavə, tarixi abidələr var. Qarabağ işğalda olan illərdə mənim bir arzum vardı.
- Sirr deyilsə, arzunuzu açıqlaya bilərsiniz?
- İstəyirəm, Qarabağda simfonik orkestlə birlikdə böyük bir solo konsert proqramı verəm. Mən xarici ölkələrdə qastrol səfərlərində olmuşam. Hər dəfə tamaşaçılar mənə sual verirdilər ki, "sizin torpaqlarınız işğal altındadır, o yerlərə gedə bilirsinizmi?”. Düzü, mənə bu sual veriləndə pis olurdum, daxilən sınırdım. Hər dəfə də konserti dahi sənətkar Müslüm Maqomayevin "Azərbaycan” əsəri ilə bitirirdim. Bu əsəri həm də iki dildə ifa edirdim. Hər dəfə də deyirdim ki, ilahi mənə qismət elə, bu əsəri qələbə, zəfər çalan xalqın sənətkarı kimi oxuyum. Bu mənim həmişə arzum olub, şükürlər olsun ki, Allah arzumu həyata keçirdi.
- İşğaldan sonra Xudafərini necə gördünüz?
- Havası təmiz, dağlar da sevinir. Orada böyük quruculuq işləri görülür. Şuşanın özündə olmamışam. Amma Xudafərinə gedənə kimi çox yollardan keçdik. Qarabağın hər yerində quruculuq işləri gedir. Yeni yollar, Füzuli rayonunda böyük aeroport tikilir, müasir şəhər salınır və bundan əlavə, tarixi abidələr bərpa olunur. Biz sənət adamları da öz sözümüzü vətənpərvər mahnılarla dedik, xalqımıza dəstək olduq. Müharibə dövründə mənim çoxlu vətənpərvər əsərlərim ərsəyə gəldi. Qarabağlı deyiləm, amma həmişə ora getmək arzum olub.
- Fidan xanım, siz həm də zabitsiniz...
- Mən həm də hərbçiyəm, zabitəm, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Nümünəvi Ansamblının rəisiyəm. Ansambl olaraq müxtəlif vaxtlarda əsgərlər qarşısında çıxış etmişik. Hazırda gözəl bir proqram hazırlayırıq. Bakıda olsam da, ürəyim orda qalıb. Həyat yoldaşım, uşaqlarımla bərabər Qarabağa gedəcəyik. Orada bizi bir ailə qonaq çağırıb. Füzuli rayonunda Kərimbəyli kəndi var, onların evində qonaq olduq. Bizi gözləyəcəklərini dedilər. Elə bir jurnalist yoxdur ki, onların evində qonaq olmasın. Mərdan müəllim və Əminə xanımın hər kəsə qapısı açıqdır. Bu müharibə zamanı mən Azərbaycan xalqında böyük bir birlik gördüm. Xalqımın ən kasıb vətəndaşı belə çörəyini hamı ilə paylaşırdı. Allah bütün illərimizi mehriban eləsin.