Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol qəzasında adı keçən "Ayşən LTD” MMC-nin qanuni təmsilçisi İradə Əliyevanın başqa biznesi də ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, o, həm də pomidor ticarəti ilə məşğul olur və bu məhsulu Rusiyaya tədarük edir.
Cari ilin mayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycandan pomidor tədarükünə icazə verdiyi müəsssələrin və fərdi sahibkarların adlarını açıqlayıb. Siyahıda İradə Əliyevanın da adı var.
"Ayşən LTD” MMC 5 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əliyeva İradə Zülfü qızıdır.
Xatırladaq ki, bu gün səhər saatlarında baş vermiş qəzada 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Shacman” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.