“Günaz TV”nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı “VECON CONSULTING” şirkətini ziyarət edib.
MilliYol.Az xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasi dissidenti salamlayan “VECON CONSULTING”in təsisçisi və direktoru Vüqar Oruc şirkətin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
O deyib ki, rəhbəri olduğu şirkət 2010-cu ildə dövlət qeydiyyatından keçib. Hazırda ölkəmizin 11 regionunda nümayəndəliyi olan “VECON CONSULTING” Azərbaycanın aparıcı maliyyə təsisatları, dövlət qurumları, özəl qurumları ilə partnyordur. Eyni zamanda şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır.
“VECON CONSULTING”in fəaliyyəti ilə yaxından tanış olan Ə.Obalı Vüqar Orucu hələ gənc yaşlarından tanıdığını, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək nəticələr əldə etdiyini diqqətə çatdırıb. SİTAT: “Vüqar bəy də əslən Güney Azərbaycanlıdır. Bütün şüurlu fəaliyyətini millətçiliyin təbliğinə, Güney Azərbaycan davasına həsr edib. Çox şadam ki, belə bir peşəkar şirkət qurmusunuz. Qısa tanışlıqdan gəldiyim qənaət budur ki, bu şirkət yaşadığım ABŞ-da fəaliyyət göstərən şirkətlərlə rəqabət aparacaq bir mühitə sahibdir”.
Daha sonra qonaq İranın Azərbaycana qarşı təzyiqləri, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemləri barədə ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin bütün azərbaycanlılar tərəfindən qürurla qarşılandığını söyləyib. Ə.Obalı əmin olduğunu bildirib ki, Azərbaycan bütün tarixi torpaqlarını geri qaytaracaq: “Necə ki, Qarabağda buna nail olduq, Təbrizdə, Ərdəbildə, digər torpaqlarımıza da qovuşacağıq. O gün elə də uzaqda deyil”.
Göstərdiyi diqqət və ehtirama görə, qonağa təşəkkür edən V.Oruc və şirkətin kollektivi yekunda xatirəsi fotosu çəkdirib.
Xatırladaq ki, Əhməd Obalı Ərdəbil ostanına bağlı Meşkinşəhrdə dünyaya gəlib. O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilib. Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayına təşkilatçılıq edib və Konqresin İdarə heyətinə seçilib. BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən bəhs edən “Günaz TV”nin təsisçisidir. Hazırda TV-nin Almaniya, Hollandiya və Kanadada yerli büroları fəaliyyət göstərir. Onun özü isə hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayır.