"İranın siyasi rəhbərliyi son zamanlar Azərbaycana münasibətdə ciddi səhvlərə yol verir. Bu heç bir halda Azərbaycan-İran münasibətlərinin dünəninə, bu gününə və sabahına uyğun gəlməyən davranışdır. İranın təhdid dililə danışması qətiyyən qəbul edilməzdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İranın dini lideri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əlinin Türkiyə və Azərbaycanı təhdid edərək, onları Əfqanıstanın taleyini yaşayacağı ilə hədələməsinə münasibət bildirərkən deyib. Deputatın fikrincə, Tehranın bu addımları ilk növbədə özünün milli dövlətçilik maraqlarına zərbədir:
"İrana qarşı dünya ölkələri beynəlxalq sanksiyalar tətbiq edib. Bunun nəticəsi olaraq İran iqtisadiyaytı bərbad günə düşüb. Eyni zamanda İran ordusunun vəziyyətinin pis olduğu da üzə çıxıb. Son iki hərbi təlimin gedişində İran ordusu 7 nəfər itki veribsə, bu onun ordusunda vəziyyətin nə yerdə olduğunun göstəricisidir”.
Həmsöhbətimiz İranın yüksək vəzifəli şəxslərinin anti-Azərbaycan çıxışlarını heç bir məntiqə sığmayan davranış kimi dəyərlədirdi:
"Onların bu siyasəti İranın öz daxilində gərginliyin artmasına rəvac verəcək. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında bildirib ki, ölkəmizin xarici siyasətinin prioritet istiqaməti qonşularla münasibətlərdir. Qonşu İranla hər zaman münasibətlərin yüksək səviyyədə olmasında maraqlı olmaqla yanaşı, bu istiqamətdə addımlar da atırıq. ABŞ dəfələrlə çalışdı ki, Azərbaycan ərazisindən istifadə edib, İrana qarşı müharibəyə başlasın. Amma Azərbaycan Prezidenti ona imkan verməyərək, qarşısını aldı. Belə olan halda necə ola bilər ki, Bakı İsrailin anti-İran siyasətində vasitəçi olsun. Bu qeyri-mümkündür. Bunu İranda da gözəl bilirlər”.
Deputat qeyd edir ki, rəsmi Tehran bu davranışı ilə qeyri-səmimi olduğunu ortaya qoyur:
"Görünən odur ki, Azərbaycana münasibətdə İran tərəfi dostluq və qardaşlıqdan danışmalarına baxmayaraq, reallıqda səmimi deyillər. İran tərəfi özündə güc və təpər tapıb baş vermiş hadisələrdən düzgün nəticə çıxarmalı, gərginliyin aradan qaldırılması üçün əməli addımlar atmalıdır. Bunu edərsə, bu ilk növbədə elə İranın özü üçün faydalı olacaq”.