Türkiyənin Qarabağ məsələsi ilə bağlı yenidən fəallaşması Rusiyanın Ermənistanla münasibətləri ilə sıx surətdə bağlıdır.
Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloqun sözlərinə görə, Ermənistan həm açıq, həm də gizli formada silahlandırılır:
“Bir müddət öncə Sankt-Peterburq görüşündə Putin 5 rayonun geri qaytarılması ilə bağlı türk liderə birmənalı qaydada təminat vermişdi. Yəni Qarabağ probleminin həll ediləcəyi ilə bağlı optimistlik var idi. Ancaq hadisələrin gedişatında qəfil sərt dönüş baş verdi. Dünənə qədər Rusiyanı söyən ermənilərin kefinə təsir edəcək addımlar atılmağa başlanıldı. Moskvanın İrəvanla bağlı son addımları beynəlxalq praktikada görünməmiş, Cənubi Qafqazda vəziyyəti gərginləşdirən və tamamilə status-kvonun qorunmasına xidmət edir. Baş verənlər, xüsusilə də İsgəndər-M-lərin Ermənistanda yerləşdirilməsi Türkiyə üçün də ciddi təhdiddir”.
Politoloq adı çəkilən məsələdə bəzi açıq faktların olduğunu dilə gətirib:
“Rusiya Cənubi Qafqazda erməni işğalını tamamilə qanuniləşdirə biləcək və status-kvonun dəyişilməsinin qarşını alacaq addımlar atır. Yəni Ermənistan həm açıq, həm də gizli formada silahlandırılır. Putinin göstərişi ilə artıq dumada yeni qanun hazırlanır. Belə ki, bəzi ölkələrə, ilk növbədə Ermənistana silah göndərilməsinin hərbi sirr kimi gizli saxlanılması nəzərdə tutulur. Bu proseslər sözün əsil mənasında ekspansiv və təhlükəli bir tendensiyadır”.
Q.Hüseynli hesab edir ki, Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı yenidən aktivləşməsi Ankaraya verilən sözün tamamilə saya salınmamasından irəli gəlir:
“Türkiyədə Türkiyə-Rusiya dostluq cəmiyyəti yaradılır, Ankaradan Moskvaya yönəlik xeyli xoşməramlı siyasi mesajlar var. Türkiyə Rusiya ilə dostluq münasibətlərinə çox səmimi diqqət yetirir. Ancaq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə Rusiya bütün qırmızı cizgiləri keçir və bölgədə partlayış xarakterli bir situasiyanın formalaşmasına rəvac verir. Türkiyə hazırda bu məsələdə Rusiya ilə necə davranacağı ilə bağlı çox ciddi bir dilemma qarşısındadır. Bu fonda Azərbaycan-Türkiyə birliyi, iki ölkədə arasında hərbi sazişin imzalanması və Naxçıvanda türk hərbi bazalarının yaradılması məsələsi yenidən gündəmə gələ bilər. Türkiyənin Qarabağla bağlı addımları siyasi bəyanatlar şəklində təzahür etsə də, Lavrovun Ankara səfəri gözlənilir və digər diplomatik kanallar vasitəsilə Ermənistan-Rusiya əməkdaşlığı araşdırılır. Bir sözlə, hazırkı mürəkkəb situasiya Ankaranın Bakı ilə ortaq hərəkətini şərtləndirir”.
MilliYol.Az
Digər xəbərlər
loading...