Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar masasında yer almaqla yanaşı, öz hərbi arsenalını da gücləndirir. Bu, işğal olunmuş torpaqların azad olunması alternativinin hər an qüvvədə olduğu deməkdir.
Publika.az xəbər verir ki, bir neçə gün öncə “Bloomberg” agentliyi dünyadakı münaqişələrin tədqiqatını aparan Stokholm İnstitutunun məlumatlarını dərc etdi.
Məlumatda deyilir ki, Azərbaycan son 10 ildə silah alınmasına 22,7 milyard dollar pul xərcləyib. Bu, Avropada hərbi texnikanın ən böyük idxalçısı olmaq deməkdir.
“Bloomberg” qeyd edir ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çoxdur.
Ötən həftə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin məxaric hissəsinə müdafiə xərclərinin artırılması ilə bağlı əlavələr edildi. Yenilənmiş layihədə müdafiə xərcləri 63,6 faiz oldu, yaxud 1027 milyard manat artdı. Bu, 1 milyard 545 milyon dollar, yəni 2 milyard 642 milyon manat deməkdir.
Ermənistanın 2017-ci il büdcəsində isə müdafiə xərcləri cəmi 440 milyon dollar təşkil edir.
Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan hərbi arsenalının inkişafı üçün İsrail, Rusiya, Türkiyə, Cənubi Koreya və s. ölkələrdən silah alır. Bu siyahıya Pakistan da əlavə edildi.
Ermənistan Azərbaycanla ayaqlaşmaq üçün bir sıra cəhdlər edir. Rusiyanın Ermənistanla vahid ordu yaratmaq müqaviləsi İrəvanın əlini gücləndirmiş kimidir. Digər tərəfdən, İrəvan “İsgəndər”lərlə öyünür və sentyabrın 21-də paradda nümayiş etdirdiyi raketlərin “İsgəndər-M” olduğunu iddia edir. Halbuki, bunun “İsgəndər-E” raket kompleksi olduğu və Rusiyanın Gümrüdəki hərbi bazasına məxsus olduğu məlumdur.
Bütün bunların fonunda Dağlıq Qarabağ ətrafında diplomatik danışıqlar dayanıb. Prezidentlərin sonuncu görüşü iyunun 20-da Sankt-Peterburqda baş tutub və o zamandan artıq 5 ay keçir. İlin sonuna yaxın yeni bir görüşün olacağını demək çətindir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü isə dekabrın 8-də Hamburqda baş tutacaq. Bu, prezidentlərin növbəti görüşünün hazırlanması məqsədi daşıyır. Təbii ki, razılıq olarsa.
Bütün gözlər Hamburq toplantısına dikilib. Əgər bu toplantıda hansısa müsbət məqamlar olmasa, o zaman proseslər qaynar mərhələyə keçə bilər. Rəsmi Bakı bunu istisna etmir. 12-18 noyabr tarixlərində keçirilən genişmiqyaslı təlimlər də bu mesaja hesablanmışdı. Proseslərin bundan sonra hansı məcrada inkişaf edəcəyi müəmmalı olaraq qalır.
Rusiyalı hərbi ekspert Dmitri Litovkin hesab edir ki, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır: “Hərbi büdcənin artırılması, hərbi texnikanın alınması təhlükəsizliyin təmin olunmasına hesablanıb. Görünür, tərəflər münaqişənin sülh yolu ilə həllinə artıq ümid etmirlər”.
Ekspert qeyd edir ki, Moskva hər iki tərəflə hərbi əməkdaşlığı davam etdirməklə, balansı saxlayır.
“Rusiya Ermənistana “İsgəndər”ləri verdi. Azərbaycan dərhal İsraildən “Dəmir günbəz” almaq üçün hərəkətə keçdi. Azərbaycan həmçinin, Pakistandan müasir silahlar almağı düşünür. Bakı bu hüquqa malikdir və heç kim ona necə hərəkət etməli olduğu ilə bağlı göstəriş verə bilmir”, - deyə ekspert vurğulayıb.
Digər hərbi ekspert Pavel Felqenqauer də Dağlıq Qarabağda müharibə riskinin yüksək olduğunu deyir.
“Azərbaycan və Ermənistanda atılan addımlar təkcı qızğın silahlanma deyil, bu, ciddi hərbi qarşıdurmaya hazırlıqdır. Bu gün münaqişədə diplomatik həlli tapmaq faktiki olaraq sıradan çıxıb. Lakin xarici güclər Qarabağda müharibəni istəmirlər. Suriya, Ukrayna münaqişələri var, Avropa “Brexit” problemini yaşayır, ABŞ isə müəmmalı dövrə qədəm qoyur. Rusiyanın da başı başqa işlərə qarışıb. Həmçinin, Kremlin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşü keçirildi. Nəticə isə yoxdur. Görünən odur ki, hələlik heç kim münaqişənin həlli ilə məşğul olmayacaq. Ermənistanda vəziyyət belədir ki, rəhbərlik güzəştə getsə, siyasi ölümlə üzləşəcək. Azərbaycan isə regionda ən güclü orduya malik olan ölkə kimi güzəştə getməyəcək. Apreldə “dördgünlük müharibə”dən sonra, artıq genişmiqyaslı müharibə riski var. Əgər eskalasiya yenidən olacaqsa, bu daha böyük olacaq və ciddi nəticələrə gətirib çıxaracaq”.
Ermənistanda daxili vəziyyətin pis olduğuna diqqət çəkən ekspert bunun fonunda Azərbaycanın dəfələrlə güclü olduğunu vurğulayıb.
P.Felqenqauer hesab edir ki, müharibə başlayacaqsa, bu, iki ssenari üzrə davam edə bilər.
“Birinci ssenari aprel variantıdır. Yəni, əsas mövqeləri tutaraq, dayanmaq.
İkinci ssenari, genişmiqyaslı müharibədir və bura başqa ölkələr də qoşula bilər”, - deyə hərbi ekspert diqqətə çatdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...