"Bloqer Maqsud Mahmudova pul verən müğənnilərin özləri də məsuliyyətə cəlb oluna bilərlər. Ona görə də doğrunu deməyə borcludurlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Roman Qaraşov bəzi müğənnilərin sabiq iş adamı, Ukraynada saxlanılaraq Bakıya gətirilən Maqsud Mahmudovla iş birliyindən danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən cinayət işinin tam obyektiv aparılması üçün faktlar və şübhə doğuran məqamlar varsa, onlar araşdırılmalıdır:
"Pul itkisi varsa, deməli, orada zərərcəkən də var, fakt sübuta yetərsə, qanunvericiliklə onların ödədiyi pulu tələb etmək hüququ var. Həmin adam pulu geri ala bilər. O müğənnilər prosesə əvvəlcə şahid qismində cəlb olunacaqlar, onlar ifadə verməkdən boyun qaçıra, imtina edə bilməzlər. Şahid qismində cinayət işi üzrə cəlb olunmuş şəxslər doğrunu deməyə borcludur. İşin halları barədə ona verilən suallara tam düz cavab verməlidir. Əgər pul verdiyi halda verməmişəm, yaxud digər ifadə yanıldan hərəkət etsələr, həmin şəxslərin özləri də məsuliyyətə cəlb oluna bilərlər”.
Roman Qaraşov bildirib ki, istintaq boş-boşuna heç kimi çağırmır:
"Yalan ifadə verə bilməz. Buna görə cinayət məcəlləsində maddə var və həmin maddə üzrə müğənnilər məsuliyyətə cəlb oluna bilərlər”.
Qeyd edək ki, müğənni Afət Fərmanqızı Qaynarinfo-ya açıqlamasında "Məni həm təhqir edirdi, həm də təhdid. Bizdən pul istəyirdi. Biz ona pul vermədik deyə bizi təhdid elədi. 1000 manat pul istədi. Dövlətimizi söyən adama niyə pul verməliyəm? Adını çəkmək istəmədiyim bəzi müğənnilər ona pul verdi, amma nə mən, nə də Manaf Ağayev pul verdik”, - deyə bəzi sənət adamlarının Maqsud Mahmudova pul verdiyini deyib.
Müğənni daha sonra sosial şəbəkə hesabında Maqsud Mahmudovla iş birliyi quran müğənnilərin qorxuya düşdüyünü xatırladıb:
"Kimləri ki, söymür onların bəziləri pul verib. Onlarda yaxşı məlumatlar var, canlarına artıq qorxu düşüb. Yaxın vaxtlarda onların adları məlum olar” deyə vurğulayıb.