Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın Qaynarinfo-ya müsahibəsi
- Bir müddət bundan öncə dəniz kənarında istirahət edərkən çantanız oğurlanmışdı. Oğru tapıldımı?
- Yayın isti günlərində dəniz kənarında gəzirdim. Çantamı itirmişdim. Tapacağıma heç ümidim yox idi, düşünürdüm ki, onu tapan mənə qaytarmaz. Bir nəfər tapıb, kəndin mağazasına telefon nömrəsini verib, deyib ki, sahibi çıxsa, bu telefona zəng etsin. Çantamda pul kartım, pasportum, sənədlərim, eləcə də pulum vardı. Açanda nə görsəm yaxşıdır? Baxdım ki, nə vardısa, hamısı içindədir, bir qəpik də götürülməyib. Bu hadisədən sonra həyata bir az da bağlandım. Deməli, bu dünyada halal adamlar da var və onların varlığı da bu dünyanı yaşadır.
- Çantanızı tapan adamı mükafatlandırdınız?
- Ona qarşılığında pul təklif elədim, amma nə etdimsə, götürmədi. Dedi ki, heç nə istəmirəm. Baxdım ki, yanında bir uşaq var, axırda onun yanında dayanan uşağa könlümdən keçən bir hədiyyə etdim. Pul vacib şeydir. Bu dünyada insan pulsuz yaşaya bilməz, özü də indiki vəziyyətdə. Amma elə şeylər var ki, onu pulla almaq mümkün deyil. O qədər insanlıqdan uzaq pullu adamlar görmüşəm ki! Mən belə adamları insan saymıram. İnsanın pulu da olar, şöhrəti də. Amma mərhəmət, insanlıq hər adama verilmir. Bu, Allah tərəfindən seçilən insanlara verilir, Allahın həmin insanlara hədiyyəsidir. Hər kəs sevə bilmir, bəzən baxıram, adamlar öz soyundan olanlara nifrət dolu rəylər yazırlar. Belə adamları başa düşə bilmirəm. Mən heç bir azərbaycanlını düşmən saya bilmərəm. Mən heç vaxt millətimi düşmən saymaram. Millət olaraq harada azərbaycanlı var, ona əl uzatmalıyıq. Mən halal insan görəndə yaşamaq istəyirəm, belə insanların qarşısında baş əyirəm.
- Səhhətiniz necədir? Teatrdan, səhnədən uzaq düşmək bir çox sənət adamlarının səhhətində problem yaradıb…
- Səhhətim yaxşıdır, gah belə olur, gah da elə. Pandemiya psixoloji cəhətdən səhhətimizə ziyan verir. İşsiz, səhnəsiz hər bir insana çətindir. Darıxıram, sıxılıram. Biz sənət adamlarını yaşadan səhnədir, teatrdır. Bu iki ildə hamıya çətin oldu, amma ən çox aktyorlara, sənət adamlarına çox çətin oldu, teatrsız, tamaşaçılarsız qalmaq olmur. Aktyorlar da idmançılar kimdir, gərək hər zaman səhnədə məşqlərdə olsunlar. Aktyor daima öz üzərində işləmli, obraz yaratmalıdır. Teatr canlı sənətdir, tamaşaçı ilə üzbəüz gəlir. Bir tamaşa 6 aya hazırlanır. Aktyor səhnədə məşq etdikcə bişir. Teatra qayıdandan sonra pandemiyanın yaratdığı fəsadları hər bir sənət adamına təsiri olacaq, bütün tamaşalarda yenidən məşqlər olmalıdır. Tamaşaların bərpası üçün aylarla məşq lazımdır Hər bir dialoq səhnədə yerinə oturmalıdır. Necə olacaq, onu zaman göstərəcək. Nə yaxşı ki, arada qələbə qazandıq. Bizi qələbəmiz çox ruhlandırdı. Düzdür, pandemiya dövründə işsiz qaldıq, aktyorlara çox cətin oldu. Müharibə də bizə acı çəkdirdi, fikirimiz qaldı ki, görəsən bunun axırı necə olacaq? Bir tərəfdən pandemiya, bir tərəfdən də müharibə qorxusu… Qələbə bizi sakitləşdirdi, səbirli olmağa vadar etdi. Teatr böyük bir məbəddir, dövlət yəqin ki, bunu başa düşür. İnanmıram ki, onun bağlı qalması uzun çəksin. Teatr həm də düşündürücü məkandır. İnsanlar həyatda tapmadığı sualların cavablarını teatrlarda tapırlar.
- Ayrı-ayrı təşkilatların Şuşaya səfəri təşkil olunur. Teatr adamları üçün belə bir səfərin təşkili gözlənilir?
- Yox, mən şəxsən belə bir təklif almamışam. Amma sənət adamlarından Şuşaya gedənlər də oldu. Onların arasında Şuşadan olanlar da var. Biz hamımız Qarabağa həsrətik, amma daha çox həmin torpaqlarda doğulanlardır ki, onlar Şuşaya getməlidir. Mənim də arzum var, deyirəm, ay Allah, mənə bir az ömür ver ki, Qarabağı, Şuşanı yenidən görüm. Fərqi yoxdur hansı sənətin sahibisən, Qarabağı görmək hər kəsin arzusudur. Çünki biz bir xalq olaraq vətənpərvərik, vətənə, torpağa bağlıyıq. Elə bir adam tapmazsan ki, Qarabağa getmək istəməsin. Sadəcə, insanlar bir az səbrli olmalıdır. Allah onların bəlalarını versin, hər yer minalanıb. Minalardan təmizlənəndən sonra o ərazilərə sərbəst gediş-gəliş olacaq. Dövlət hamını birdən-birə əraziyə buraxmaqdan çəkinir. Kəlbəcər başdan-ayağa minadır, biz 30 il səbr elədik, indi bir il dözə bilməyəcəyik? 4-5 ilə hər şey gözəl olacaq.