VI tur öncəsi bütün komandaların həm mərhələ keçmək şansları var, həm də qrupda qalmaq təhlükəsi. Belə vəziyyətin yaranmasına Çexiyadakı darmadağınla yanaşı, İtaliyada sensasiyanın qeydə alınması səbəb olub. Yunanıstan PAOK-unun “Fiorentina”nın meydanında 3:2 hesablı qələbə qazanması qrupdakı vəziyyəti qarışdırıb.
Son turda “Qarabağ” “Fiorentina”nı, PAOK isə “Slovan”ı qəbul edəcək. İtaliya təmsilçisi 10 xalla lider kimi ölkəmizə gəlsə də, qrupda da qala bilər. “Qarabağ”la PAOK-un mübarizəsi isə son anadək davam edəcək. Çexiya klubu isə hadisələrin uğurlu axarına ümid edir.
Riyazi hesablamalar göstərir ki, son turda 9 nəticə variantı mümkündü. Bu variantların hamısını nəzərdən keçirək.
“Qarabağ” qalib gəlir, PAOK da qələbə qazanır
Bu vəziyyətdə “Slovan” 4 xalla sonuncu pillədə qalır. Digər 3 komandanın 10 xalı olur. Şəxsi oyunlara, 3 komanda arasında turnir cədvəlinə görə “Qarabağ” 9 xalla 1-ci yerlə 1/16 finala yüksəlir. “Fiorentina” və PAOK 4 xala malik olsa da, italiyalıların top fərqi onları 2-ci edir. Yalnız Bakıdakı 6 top fərqli məğlubiyyət onların yolunu kəsə bilər. Bu, inandırıcı olmadığından Florensiya klubunu 1/16 finalda saymaq olar.
“Qarabağ” qalib gəlir, PAOK heç-heçə edir və ya “Qarabağ” qalib gəlir, PAOK məğlub olur
Bu iki variant ciddi şəkildə fərqlənmir. Hər ikisində “Qarabağ” və “Fiorentina” mərhələ adlayır. Yalnız 1-ci yerin taleyi Bakıdakı top fərqindən asılıdı. Ağdamlılar 4 top fərqi ilə qalib gəlsə və qol buraxmasa, ya da daha çox fərqə sevinsə 1-ci olacaq.
“Qarabağ” heç-heçə edir, PAOK qələbə qazanır
Bu halda “Fiorentina” 11 xalla 1-ci, PAOK isə 10 xalla 2-ci olur. 8 xalı olan Qurban Qurbanovun yetirmələri isə qrupda qalır.
“Qarabağ” da heç-heçə edir, PAOK da
Bu halda “Fiorentina” yenə 11 xalla 1-ci olur. Eyni – 8 xala malik PAOK və “Qarabağ”ın şəxsi oyunlarında üstün olan ağdamlılar 2-ci yerlə 1/16 finala yüksəlir.
“Qarabağ” heç-heçə edir, PAOK məğlub olur
Bu halda “Fiorentina” 11 xalla 1-ci, “Qarabağ” 8 xalla 2-ci olur. Digər iki komanda 7 xalla öz aralarındakı şəxsi oyunlara əsasən mənasız 3-cü yerin sahibini müəyyənləşdirir.
“Qarabağ” uduzur, PAOK qələbə qazanır
13 xal toplayan “Fiorentina” 1-ci olur. PAOK 10 xal topladığından “Qarabağ” mövsümü başa vurur.
“Qarabağ” uduzur, PAOK heç-heçə edir
13 xal toplayan “Fiorentina” 1-ci olur. PAOK 8 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayır. 7 xal “Qarabağ”a bunun üçün kifayət etmir.
“Qarabağ” uduzur, PAOK məğlub olur
“Fiorentina” 13 xalla 1-ci yeri tutur. Digər 3 komanda eyni sayda – 7 xal topladığından onlar arasında şəxsi oyunlar əsas götürülür. Bu halda “Slovan”la “Qarabağ” “üçlüy”ün oyunlarında 7, PAOK 1 xal qazanmış olur. Amma 3 komandalı cədvəldəki top fərqi çexiyalıları 1/16 finala daşıyır.
1. “Fiorentina” (İtaliya) 5 3 1 1 13-5 10
2. “Qarabağ” (Azərbaycan) 5 2 1 2 6-10 7
3. PAOK (Yunanıstan) 5 2 2 1 5-6 7
4. “Slovan” (Çexiya) 5 1 1 3 7-10 4
Göründüyü kimi 9 mümkün variantdan 5-i “Qarabağ”ın lehinədi. Qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq mərhələ keçəcək komandamız heç-heçəylə də istəyinə çata bilər. Amma bunun üçün PAOK-un evdə xal itirməsi (heç-heçə və ya məğlubiyyət) lazımdı. (apasport.az)