Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 94 yaşında vəfat edib.
MilliYol.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Romen” teatrından bildirilib.
Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.
1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filmində rol aldıqdan sonra tanınmağa başlayır və bir sıra filmlərdə baş rola dəvət edilir. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.
Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko olub. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısı olub və iki ay əvvəl vəfat edib.