Aparılan aşadırmalar və statistikalar sübut edir ki, müsəlman ölkələrinin vətəndaşlarının böyük əksəriyyəti ölkələrindən üz çevirib özlərini hər cür təhlükəyə atmaq hesabına olsa belə, Qərb ölkələrinə sığınır.
Bəs nə üçün müsəlman ölkələrindən insanlar hər hansı, hətta iqtisadi cəhətdən inkişaf etmiş, həyat şəraitinin yaxşı olduğu müsəlman ölkəsinə deyil, xristian ölkələrinə köç edir?
Qaynarinfo tanınmış, ictimia-siyasi, iqtisadi və dini ekseprtlərlə bu problemi müzakirə edib. Maraqlıdır ki, onların hər birinin fikirləri ilə tanış olduqda məlum olur ki, müsəlman ölkələrinin vətəndaşlarını Qərbə sığınmağa vadar edən səbəb sosial rifah imiş.
Rahatlıq insan övladının qanında olan hissdir
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı, ilahiyyatçı-alim Samid Quliyev Qaynarinfo-ya açıqlamasında problemin siyasi və iqtisadi tərəflərinin olduğunu deyib:
"Həmin ölkələr iqtisadi baxımdan daha güclüdür, insanlar inteqrasiyaya, yeniliyə can atır. Şəriətdə belə bir fərq yoxdur, yən hansı ölkə, köçdüyün yer, hətta rayondan-rayona, kəndən-şəhərə olsun, yaşayışın təmin olunursa, əmin-amanlıqdadırsa, o zaman heç bir problem yoxdur. Amma niyə Qərb ölkələrinə? Onlar inkişaf etmiş, bəziləri inkişaf etməkdə olan ölkələrdir. İnsan övladı da daima rahatlığa meyil edir. Məsələn, uşaq kəndən şəhərə gəlib, burada rahat həyat yaşayır və açığı, geri qayıtmaq istəmir. Rahatlıq insan övladının qanında olan hissdir”.
İnsanlar əsasən Avropa ölkələrinə üz tuturlar
İlahiyyatçı alim, teoloq Elşad Miri isə vurğulayıb ki, hansı ölkədə yaşam tərzi yüksəkdirsə, insanlar ora üz tuturlar:
"İnsanlar bir kəndən başqa bir kəndə, yaxud da şəhərə gedəndə çalışırlar ki, həyat səviyyəsi yaxşı olan məkanlara üz tutsunlar. Burada əsas məqsəd insanların rifahın yaxşı və yüksək olduğu yerələ can atmasıdır. Onlar düşünürlər ki, həyat səviyyəsi yaxşı olan məkanlarda həyatlarını qurub yaşaya bilərlər. Bu gün faktiki olaraq insanlar əsasən Avropa ölkələrinə üz tuturlar. Çünki Avropa ölkələrinə müraciət edən zaman bilirlər ki, ordakı insanların yaşam tərzi bizim yaşam tərzimiz ilə müqayisədə çox yüksəkdir. Ona görə də insanlar həmin ölkələri seçir. Yaxud da bunun ikinci bir tərəfi var, elm əldə eləmək üçün insanlar harada ki, təhsil ocaqları yüksək və onların cibinə uyğundursa, ora müraciət edirlər. Tibb sahəsi də belədir. Əgər insanları öz ölkəsinin tibb sahəsi qane eləmirsə, yaxud qiymət fərqi varsa, məcburən daha fərqli ölkələrə müraciət edib müalicə alırlar. Bunun onların dini ilə heç bir əlaqəsi yoxdur”.
Müharibələr islam ölkələrində baş verir
Politoloq Elxan Şahinoğlu bunu çox aktual mövzu olduğunu vurğulayıb:
"Müsəlman ölkələrindən qaçanlar ancaq Qərb ölkələrinə üz tuturlar. Heç kimin Səudiyyə Ərəbstanına, hətta varlı ölkələr sayılan Qətər, Bəhreynə köçdüyünü eşitməmişik. Çünki Qərb ölkələrində insan haqları, demokratik prinsiplər gözlənilir, sosial təminatlar var. Varlı ərəb ölkələrinin çoxunda bunlar yoxdur. Ona görə də müsəlman öləkələrindən qaçanlar Qərb ölkələrinə üz tuturlar. İndi gözümüzün qarşısında Əfqanıstanda ağır hadisələr cərəyan edir. Əfqanların özlərinin qaçdığı əsas ölkələr Amerika və Avropanın aparıcı ölkələridir. İnkişaf, sosial təminat, insan haqlarının qorunması məhz Qərb ölkələrində ön planda olduğu üçün insanlar həmin ölkələrə üz tuturlar. Əslində bu cür qaçış və problemlərdən bir sıra islam ölkələri dərs çıxartmalıdırlar. Müharibələr də islam ölkələrində baş verir. Burada artıq biz Qərbi də qınaya bilərik ki, müharibələrin qızışmasında, dağdıcı rol almasında onların rolu var. Məsələn, 10-15 il bundan əvvəl baş verən hadisələrə "Ərəb baharı” adını qoydular. Bir çox ölkələr dağıldı, vətəndaş müharibələri baş verdi və bu ölkələrə demokratiya gəlmədi. Misirdə, Liviyada qırğınlar oldu, Suriya dağıldı, İraqa Amerika müdaxilə etdi ki, guya demokratiya gətirəcək, ölkə 3 yerə parçalandı, terror təşkilatları meydana gəldi. Yəni əslində bu məsələlərdə Qərb ölkələrinin də günahı var. Amma hər şeyə rəğmən, insanlar yaşamaq və ailələrini qorumaq üçün məhz Qərb ölkələrinə sığınırlar”.
Belə vəziyyətdə insanlar niyə o ölkələrdə qalsınlar?
Sosioloq Sahib Altayın fikirincə isə insanlar müsəlman ölkələrindən xristian ölkələrinə xristian olduqları üçün deyil, o ölkələrin inkişaf tendensiyasına görə axın edirlər:
"Yəni onlar xristian olmayıb büdpərəst olsalar, yenə də müsəlmanlar ora axın edəcəklər. Söhbət təkçə müsəlmanlardan getmir, dünyanın inkişaf etməmiş bütün ölkələrindən gedir. Səbəb nədir? Ümumiyyətlə, bir prosesin bir neçə səbəbi olur. Bunu da ümumiləşdirib ona sosial rifah adı verəcəyik. İnsanların inkişaf eləmiş öləkələrə kütləvi şəkildə köç eləməsinin səbəbi sosial rifahdır. Müsəlman ölkələrinin əksəriyyətində sosial rifah yoxdur. Sosial rifah deyiləndə Azərbaycan və Azərbaycan statusunda olan ölkələrdə bunu sırf maddi mənada başa düşürlər. Xeyir, sosial rifahın içində maddi təminat, hüquqi təminat, ictimai asayiş, insanların şəxsiyyət və vicdan azadlıqlarının qorunması, seçim azadlığı, şəxsi həyat azadlığı, ictimai mühitdə ictimai fəaliyyət azadlığı və s. Müsəlman ölkələrinin əksəriyyətində sosial rifah təmin olunmur. Ona görə də insanlar kütləvi şəkildə inkişaf eləmiş ölkələrə üz tuturlar. Bir neçə müsəlman ölkəsini çıxmaq şərti ilə əksər müsəlman ölkəsində vəziyyət eynidir. Niyə?
Birincisi, maddi təminat tərəfini götürək. Müsəlman ölkələri dünyada yeraltı və yerüstü sərvəti baxımından tanınır. Hansı müsəlman ölkələrində maddi təminat mövcuddur o müsəlman ölkələrində vətəndaşa həmin sərvətdən verilir. Dövlətin əsas büdcəsini neft sektoru təşkil edir və vətəndaşın sosial rifahı da həmin neftin üzərində qurulur. Bu əksər müsəlman ölkələrində edilmir. Niyə? Həmin müsəlman ölkələrində ictimai asayiş qorunmur, rüşvətxorluq da yüksək səviyyədədir. Bundan əlavə, dövlətin əsas gəlir mənbəyi neft, təbii sərvət olduğu üçün və istehsal olmadığından dövlət ancaq istehlakçılıqla məşğul olduğu üçün iş təminatı məhdud səviyyədə olur. Buna görə də vətəndaşların əksəriyyəti işsiz qalır. Bundan əlavə, inkişaf eləmiş ölkələrə üz tutan müsəlman ölkələrində ictimai asayiş qorunmur, müharibələr gedir, diktatorlar devrilir, həmin ölkələrə dünyanın qlobal gücləri gəlib-gedir, insanların ictimai təhlükəsizliyi təmin olunmur. Adamlar işdən gəlib, evdə şam yeməyində birdən baxırlar ki, qonşunun evi partladı. Belə bir vəziyyətdə həmin insanlar niyə o ölkələrdə qalsınlar? Bunun bir səbəbi də kütləvi düşüncə, cəhalətdir. Yəni mən bunu birtərəfli olaraq dinə bağlamıram, amma din də böyük rol oynayır. Məsələn, Əfqanıstan kimi bir ölkədə insanlar niyə qalıb yaşasın ki? Narkomaniya, narkotik istehsalı, silahlı basqın, rüşvətxorluq son həddədir. Suriya kimi bir ölkədə insanlar niyə qalsın? İnsanların inkişaf eləmiş ölkələrə üz tutması ancaq pul qazanmaq, işlə təmin olunmaqdır. Bundan əlavə, şəxsi həyat azadlığını təmin eləməkdir. Müsəlman ölkələrində şəxsi həyat azadlıqları yoxdur, insanların şəxsi həyat seçimlərini dövlət edir. Dövlətin də konistitutsiyası şəriət qanunlarıdır. Bundan əlavə, onlar nə qədər öz ölkələrində buna əməl eləsələr də, kənarda azadlıq istəyirlər. Müsəlman mühitində basqı var deyə onu həyata keçirə bilmirlər. İnkişaf etmiş ölkələrdə isə həmin azadlığı asanlıqla əldə edirlər. Bir də təhsil məsələsi var. Müsəlman ölkələri istehsalçı deyil, əksəriyyət etibarı ilə istehlakçı ölkələrdir. İstehsalçı olmayan heç bir ölkə dünyanın ictimai, mədəni, siyası inkişafında rol oynaya bilmir. Bu da o deməkdir ki, sən yerində sayırsan, başqaları inkişaf edir, onlar inkişaf xəttində səndən uzaqlaşır və sən də ona baxırsan. Bu, artıq bir neçə 10 illik sonra həmin ölkənin məhvi deməkdir. Müsəlman ölkələrindən Malaziya, Sinqapur var, oradan insanların kütləvi şəkildə köç etməsini eşitmisniz? Yoxdur. Niyə? Çünki orada insanlara şəxsi həyat azadlığı verilib, ictimai asayiş qorunur, sakitlikdir, formalaşmış hüquq sistemi var, işsizlik yoxdur və s. Belə bir ölkədən insanlar niyə harasa getsin? Ancaq müvəqqəti olaraq oxumağa gedə bilər. Əfqanıstan, Pakistan, Suriya, Livan, İraq, İran bu ölkələrdən insanlar kütləvi şəkildə ona görə köç edirlər ki, onların şəxsi həyat seçimləri yoxdur. Dövlət bir tərəfli olaraq şəriət qanunlarına xidmət edir, ictimai basqı, ictimai qınaq son həddədir. Neçə illərdir ki, bu ölkələrdə müharibə gedir, qan dayanmır. Bu səbəbdən də insanlar onların azadlığını təmin edəcək bir ölkədə yaşamaq istəyirlər”.
Qərb ölkələrində onların hüququ tapdalanmır
İqtisadçı ekspert Vahid Məhərrəmov isə vurğulayıb ki, bunun başlıca səbəbi Qərb ölkələrində iş yerlərinin olmasıdır:
"Xüsusən də xidmət sahəsində daha çox yeni işçi qüvvəsi tələb olunur. Müsəlman ölkələrindən Qərb ölkələrinə köçən insanlar orada çox asanlıqla iş tapırlar. Hansı bacarıqlıdır, ticarətlə məşğul olur. Hansı ki, fəhlə kimi iş görə bilirsə, onun üçün də iş var. Hansı ölkəyə 20-30 min gənc gəlir, onların adaptasiyası üçün müəyyən qədər maliyyə vəsaiti xərcləyirlər. İlk etapda hökümət onlara qayğı göstərir, digər ölkələrə gedərlərsə, onların problemi öz həllini tapmaz. Əksər müsəlman ölkələrində işsizlərin sayı çoxdur, əmək haqqı aşağıdır, insanların haqqı-hüququ tapdalanır. Ancaq Qərb ölkələrində onların hüququ tapdalanmır, əksinə qorunur, uşaqlarına qayğı göstərilir”.
Yazıçı-publisist Aqşin Yenisey məsələnin Şərqin öz rasionallığını yarada bilməməsi ilə izah edib:
"Təsəvvür edin, bütün ərəb dünyasında ilk universitet 1957-ci ildə açılıb. Səudiyyə Kral Universiteti. Bu, təxminən ilk xrsitianın Aya ayaq basdığı ərəfədir. Söhbət könüllü miqrasiyadan gedirsə, müsəlmanlar Qərb ölkələrinə təkcə özlərinin qura bilmədikləri sekulayr cəmiyyətdə xoş rifah içində, sosial, əxlaqi təhlükəsizlik şəraitində yaşamağa deyil, eyni zamanda etibarlı mülkiyyət, dünyəvi təhsil, aydın təsəvvür olunan gələcək arxasınca gedirlər. O gün bir şəkil gördüm, Əfqanıstanın rabitə nazirinin Almaniyada poçtalyon işlədiyini göstərən bir təsvir idi. Buradan üç nəticə çıxarmaq olar; bir, islam dünyasında nazir olan Qərbdə ancaq poçtalyon işləyə bilər, iki, Şərqdə nazir olmaqdansa, Qərbdə poçtalyon olmaq daha zəmanətli həyatdır, üç, Şərqin naziri də Qərb üçün ucuz işçi qüvvəsidir. Səbəb? Səbəbi Kissincer konkret izah edirdi: Şərq öz Nyutonunu, yəni rasionallığını yarada bilmədi. Nağıllar aləmində ilişib qaldı. Halbuki Aristotelin məntiqini avropalılar ilk dəfə müsəlman alimi İbn Rüşdün tərcümələrindən oxumuşdular. İslam dünyası İbn Rüşdü Mərakeşə sürgün edib çərlətdi və Qəzzalinin xurafatının arxasınca getdi. Nəticə göz qabağaındadır. Özümüzü təmizə çıxarmaq üçün uydurduğumuz bəhanələrə özümüz belə inanmırıq”.