2014-cü ilin 8 sentyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Siyəzən rayon icra hakimiyyətinə 3 milyon manat pul ayrılıb.
Dövlət başçısının sərəncamında bu vəsaitin "İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədilə” ayrıldığı qeyd olunurdu. Yəni konkret profil və işin icrası ilə bağlı göstəriş var, lakin indiyə qədər 3 milyon manatlıq vəsaitin taleyi məlum deyil.
Miq.az-ın əldə etdiyi məlumata görə, Siyəzən rayonunun keçmiş başçısı Arif Qasımovun dövründə bu pullar yoxa çıxıb.
Arif Qasımovun sahib olduğu varidat - Biznes şəbəkələri
A. Qasımovun sahib olduğu varidat da onun büdcədən ayrılan pulları şəxsi malı kimi xərclədiyini sübut edir. 2011-ci ildə Siyəzənə başçı təyin olunan Qasımov buradakı mövqeyindən istifadə edərək, özünə əsil biznes şəbəkəsi yaradıb. Belə ki, onun Siyəzəndə bir neçə böyük ferması var. O, fermaları saxlamaq üçün fermerlərə uzun müddətə icarəyə verilən əkin sahələrini də zəbt edib. Onun keçmişdə rəhbərlik etdiyi rayonda üzlük daş sexləri fəaliyət göstərir ki, rayon ərazisində həyata keçirilən bütün tikinti işlərində məhz həmin sexlərin istehsalı olan mallar istifadə olunurmuş. Yəni, A. Qasımov büdcənin pulunu karusel prosesi ilə öz cibinə axıdırmış.
Məlumatlı mənbə deyir ki, A. Qasımov eyni prosesi yeni başçı təyin olunduğu Nizami rayonunda da davam etdirmək niyyətindədir: "Artıq bir neçə parkda yenidən təmir işləri başlayıb. Halbuki, həmin parklar bir il öncə istifadəyə verilmişdi və təmirə ehtiyacı yoxdur. Amma yeni başçı parkları sökərək, yenidən düzləltmə işinə start verir. Bununla həm ayrılan pulları silir, həm də özünün tikinti sexlərinin mallarını satır”.
Bununla yanaşı, A. Qasımovun hazırda başçı olduğu Nizami rayonunda əvvəldən bir neçə ticarət obyekti olub. O, bunlara adıçəkilən rayonda bələdiyyə sədri vəzifəsində işləyərkən sahib olub. Qasımovun paytaxtın ən gözəl güşələrində bir neçə villasının olduğu da deyilir.
Bu faktlar dövlət başçısının yolun tikintisi üçün Siyəzən rayonuna ayırdığı 3 milyon manatın taleyinə aydınlıq gətirir. Lakin A. Qasımovun varidatı onun indiyə qədər çox milyonların arxasına keçdiyini deməyə əsas verir.
Arif Qasımovun adı 600 min manatlıq qalmaqalda
A.Qasımovun adının 600 min manatlıq məhkəmə işində hallanması da bütün bunlara şübhə yeri qoymur: "Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində də onun adını çəkib. O istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib”.
A. Qasımov hazırda rəhbərlik etdiyi Nizami rayonunda da eyni fəaliyyətini davam etdirir. Məlumatlara görə, o rayonun mərkəzində torpaq sahələrini zəbt edərək obyektlər tikdirir. Onun biznesinə isə Vüqar Qasımov nəzarət edir. Yeri gəlmişkən, icra başçısının digər qardaşı Vidadi Qasımovun 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak etməsi bu faktlar fonunda diqqət çəkir.
"Pürrəngi” çayxanasında qanlı atışma
2007-ci ilin iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən "Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətlə bağlı təfərrüatlı məlumat indiyə qədər açıqlanmayıb.
15 min manat qarşılığında çayxanaların açılmasına icazə
Lakin bu hadisənin özü belə A. Qasımovun "soyğunçuluqla” məşğul olmasının qarşısını ala bilməyib. Əldə etdiyimiz məlumata görə, o hazırda rəhbərlik etdiyi Nizami rayonunda ağac sahələrini məhv edərək, 15 min manat qarşılığında çayxanaların açılmasına icazə verib.
İcra başçısı sarıdan bəxti gətirməyən siyəzənlilər
Və çox maraqlıdır ki, Siyəzənə rəhbərlik edən Arif Qasımov öz maxinasiyalarını Nizami rayonuna aparandan sonra da siyəzənlilərin üzünə günəş doğmayıb. Belə ki, Siyəzəndə Arif Qasımovu əvəz edən yeni başçı Asif Hüseynov 2015-ci il 12 oktyabr tarixində dövlət başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunub.
Onun başçı təyin olunandan bir müddət sonra ad gününü təmtəraqlı keçirməsi siyəzənlilərin yağışdan çıxıb, yağmura düşdüyünün əyani sübutu idi. Məlumata görə, A. Hüseynov öz ad gününü ən bahalı restoranları bağlatdıraraq keçirib.
Prezident İlham Əliyevin 50 illik yubileyini cəbhə bölgəsində keçirdiyi halda, bəzi məmurların bu addımı sadəcə olaraq harınlığın son həddi hesab oluna bilər.
Maraqlıdır ki, A. Hüseynov Siyəzənə qədər heç bir rayonda eyni vəzifəni icra etməyib. Onun haqqındakı məlumatlarda deyilir ki, Asif Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub.
Hərbi xidmətdə olmayan icra başçısı
Onun tərcümeyi-halında ən diqqət çəkən məqam isə hərbi xidmət haqda heç bir məlumatın olmamasıdır. Bu da icra başçısının hərbi xidmətdə olmadığına dair ehtimalları gücləndirir. Hərbi xidmətdə olmadığı ehtimal olunan icra başçsınını vaxtının çoxunu rəhbərlik etdiyi rayondan kənarda keçirdiyi deyilir.
O da maraqlıdır ki, Asif Hüseynovu sələfi ilə birləşdirən təkcə siyəzənlilərin halına acımaması yox, həm də oturduğu kreslodur.
Kreslo xəstəliyi, yoxsa NUHUN gəmisi
Onun fotosunda oturduğu kreslonun bahalı olduğu aydın görünür. Burada diqqət çəkən məqamlardan biri də, Siyəzənin keçmiş başçısı, hazırda Nizami rayonuna rəhbərlik edən Arif Qasımovun da eyni kreslodan istifadə etməsidir. Onu da qeyd edək ki, deyəsən bu siyəzənlilərin baxtinə yazılıb ki, rayona gələn icra başçıları ancaq KRESLO xəstəsidirlər. Sizə tyəqdim edəcəyimiz hər iki icra başçısının kreslosuna diqqətlə baxın. Elə bil bunlar icra hakimiyyətinin binasında yox, Nuhun gəmisində oturublar. Bu isə iki versiyanı gündəmə gətirir.
- Ya Arif Qasımov Siyəzəndəki kreslosunu özü ilə Nizami rayonuna aparıb.
- Ya da Siyəzəndə qoyduğu kreslonun xiffətini çəkməmək üçün, Nizami rayonunda da eynisindən alıb.
Hər iki halda icra başçılarının bahalı kreslolardan istifadə etməsi faktı onların öz profillərinə uyğun olmayan fəaliyyətindən xəbər verir. Lakin o da faktdır ki, hər iki halda – həm köhnə, həm də yeni icra başçısının dönəmində əziyyət çəkən siyəzənlilərdir.
"Milli Yol"
Digər xəbərlər
loading...