Bu təklifi hökumət qarşısında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qaldırıb.
Cəmiyyətin sədr müavini Vüqar Oruc bildirib ki, AQC «Qiymətləndirmə fəaliyyəti haqqında» qanunun yeni versiyasını hazırlayaraq hökumətə təqdim edib.
Onun sözlərinə görə, hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul edildiyinə görə ratıq köhnəlib və yeni reallıqların tələblərinə cavab verə bilmir.
«İndiki qanun 1998-ci ildə qəbul edilib və hal-hazırda aktual deyil və çox böyük boşluqları var. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq dəfələrlə bu məsələni qaldırmışıq ki, qanun dəyişilməli, yeni qanun qəbul olunmalıdır. Layihə də var, amma müxtəlif səbəblərdən bu məsələ yubadılırdı. Son dövrlər isə belə zərurətin yaranmasını hamı qəbul etməyə başlayıb və digər sahələrdə olduğu kimi qiymətləndirmə sahəsində də belə bir addım gözlənilir».
V.Oruc bildirib ki, yeni qanunda gözlənilən əsas yeniliklərdən biri qiymətləndirici fəaliyətinin lisenziyalaşdırılmasıdır: «Bilirsiniz ki, 2008-ci ilə qədər lisenziyayla idi, sonra bu, ləğv olundu, sertifikatlaşma tətbiq olundu. İndi yenidən biz lisenziyaya qayıtmaqla mən hesab edirəm ki, mövcud hal-hazırdakı problemləri müəyyən mənada həll etmək mümkün olacaq».
Digər yenilik ölkədə ilk dəfə olaraq Qiymətləndiricilər Palatasının təsis edilməsidir: «Biz bununla bağlı müzakirələr də aparmışıq, o cümlədən Kiçik və orta biznesin inkişaf Agentliyinin – KOBİA-nın təşəbbüsü ilə. Bu müzakirələrin nəticəsində əsasnamə layihəsi hazırlanıb və İqtisadiyyat Nazirliyinə təqdim edilib.
Sənəd hazırda İqtisadiyyat Nazirliyində və digər müvafiq dövlət strukturlarında müzakirədədir və yəqin ki, yaxın müddət ərzində belə bir palatanın yaradılması gözlənilir».
V.Oruc bildirib ki, beynəlxalq təcrübəni və ölkədəki digər analoji qurumların (o cümlədən Auditorlar Palatasının) təcrübəsini nəzərə alaraq qiymətləndliricilərə lisenziyanın Palatada tərəfindən verilməsi, eləcə də bu sahədə bazarın tənzimlənməsinin Qiymətləndiricilər Palatasına həvalə edilməsi təklif edilib:
«İstəyirik bu sahədə əsas ağırlıq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətiə həvalə edilsin. Çünki AQC-nin özü illərlə bu sahədə püxtələşib və inzibati rıçaqlar əlimizdə olmadığı üçün yalnız bu sahədə tənzimlənməni tövsiyələrimizlə həyata keçirmişik. Yeni strukturun formalaşarkən elə bir şərtlər qoyulmalıdır ki, həmin palataya təsadüfi adamlar yol tapa bilməsin».
Yeni palatanın lisenziyalaşdırma ilə yanaşı mübahisələrin həlli ilə məşğul olması da təkli edilir: «Lisenziyanın verilməsi və ləğvi, bundan başqa, hər hansı bir şikayət olarsa, palata onu nəzərə alacaq və arbitraj orqan kimi müzakirə edib müvafiq rəylər verəcək. Palatanın üzvlüyinə qəbul da burada ayrıca prosedur olacaq. Vəkillər Kollegiyası v Auditorlar Palatasında olduğu kimi».
Yeni strukturda dövlətin də iştirakı təklif edilir: «Bu iştirak hansı formada olacaq, bu, hələ müzakirə olunur. Yəni strukturda da dövlət bu və ya digər formada təmsil olunacaq, amma tam dövlət qurumu olmayacaq, daha çox peşəkar bir birlik olacaq».